Azərbaycanlı alimlər dünya səviyyəli uğura imza atdılar!

Azərbaycan səhiyyə sahəsində beynəlxalq uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, yerli həkimlərin icra etdikləri əməliyyat müalicə üsulu kimi beynəlxalq klinik protokola daxil edilib.

Belə ki, 2019-cu ildə Mərkəzi Gömrük Hospitalında Homoziqot ailəvi hiperlipidemiya diaqnozu ilə müraciət etmiş 5 yaşlı uşağa eyni seansda aorta koronar şuntlama əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunub. Bunun sayəsində əldə edilən nəticə dünyada çarəsi olmayan xəstələr üçün ümid qapısını açıb.

İlk dəfə 13 noyabr 2019-cu il tarixində tanınmış ürək-damar cərrahı, t.e.d., Dr.Rəşad Mahmudov və komandası süni qan dövranı cihazına girilmədən ürəyin tac damarının dəyişdirilməsini müvəffəqiyyətlə icra edib.

 

Ardından eyni seansda cərrah-transplantoloq, t.f.d., Dr.Mircəlal Kazımi və komandası tərəfindən əmisinin donorluğu ilə qaraciyər transplantasiyası icra olunub. Bu əməliyyat yazılı dünya tibb ədəbiyyatında ilk icra olunan əməliyyat kimi “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc edilib.

 

Azərbaycanlı həkimlərin uğurunun əsası ondan ibarətdir ki, Amerikanın ən nüfuzlu elmi jurnallarından biri olan “Nature” jurnalında bir neçə gün əvvəl yayımlanan “Internatinonal Atherosclerosis Society guidance for implementing best practice in the care of familial hypercholesterolaemia” müalicə protokoluna bu yanaşma daxil olaraq ona istinad edilib.

Qeyd edək ki, Amerikanın verdiyi statistikaya görə, hazırda dünyada ortalama 43 min insan bu nadir görünən xəstəlikdən əziyyət çəkir. Bu xəstələrin müalicə olunmadığı zaman 10 yaşına qədər olanların böyük hissəsi, qalanları isə 15-16 yaşına qədər infarktdan və insultdan vəfat edirlər.