AzQAC-ın prezidenti cənab Novruz Aslanov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin başçısını qəbul edib

17 iyul 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) prezidenti cənab Novruz Aslanov tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç AzQAC- ın baş ofisində qəbul edilib.

Görüşü giriş sözü ilə açan prezident qonaqları AzQAC-ın kollektivi, çoxsaylı  könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub. Ənənəvi olan bu görüşdə hər zaman olduğu kimi birgə aparılan tədbirlər, göstərilən qarşılıqlı dəstək qiymətləndirilib və səmərəli təkliflər irəli sürülüb.

Son vaxtlarda Qarabağ iqtisadi zonasında Beynəlxalq Qızıl Xaç Komitəsinin məlum olan hadisələrdə adının hallanması və belə halların beynəlxalq humanitar hərəkatın imicinə mənfi təsir göstərməsi təəssüf hissi ilə bildirilmişdir. BQXK-nın başçısı və AzQAC- ın prezidenti bildirmişlər ki, birgə fəaliyyətlə belə halların aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq. Həm də birgə razılığa əsasən Beynəlxalq Qızıl Xaç Komitəsi Hərəkatın 7 fundamental prinsipinin əsasında, xüsusi ilə neytrallıq prinsipinin qorumasında bütün səy və cəhdlərini göstərəcək və Hərəkatın adına xələl gətirə biləcək hallara yol verilməməsi istiqamətində daha da diqqətli olacaqlar.    

Milli Cəmiyyətin prezidenti  Novruz Aslanov iki təşkilat arasındakı əməkdaşlığın önəmini vurğulayıb və AzQAC və BQXK bir çox sahədə əməkdaşlıq etdiyini xüsusi vurğulayıb . Belə ki, Fövqəladə Mobil Könüllü Dəstələrin hazırlığı, onların texniki avadanlıqla təmin olunmasına BQXK yaxından dəstək olub. Eyni zamanda, tərəfdaşlar digər sahələrdə də əməkdaşlıq etməyə davam edirlər. Bunlara İlk Yardım və Sağlamlıq, Silahlara qarşı mübarizə, Təhsilə giriş, Psixososial dəstək və s. kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı misal göstərmək olar.

BQXK-ın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Dragana Koiç isə öz növbəsində iki təşkilat arasında mövcud olan səmərəli əməkdaşlıqdan, birgə fəaliyyətlər haqqında danışıb. O, birgə həyata keçirilən fəaliyyətlərdən və layihələrdən danışaraq qarşılıqlı işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.