Ali məktəblərə qəbul planı TQDK-ya təqdim olunub

Bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura pillələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub.


Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Komissiya sədri ötən həftənin cümə günü onlara təqdim olunan qəbul planı ilə əlaqədar təkliflər haqda müəyyən fikirlərin 1 ay öncə ictimaiyyətə anonslar şəklində çatdırıldığını açıqlayıb: "Bizim müəyyən təkliflər qəbul olunub. Təkliflər verilərkən qəbul planın ötən illərdə dolma səviyyəsi və ixtisaslara olan maraq nəzərə alınıb. Bəzi ixtisaslar üzrə isə müsabiqənin birgə aparılmasının tərəfdarıyıq. Magistratura və bakalavr pilləsi üzrə müəyyən ixtisaslarda bu təkliflər nəzərə alınıb”.

M.Abbaszadə qeyd edib ki, bu yaxınlarda "Magistr” jurnalının növbəti sayı dərc olunacaq və burada magistraturaya qəbul planında olan dəyişiklər əks olunacaq. Onun sözlərinə görə, artıq 1 ay öncə olan anonslar təkliflərdə öz əksini tapıb: "Belə ki, magistratura pilləsi üzrə 20 yerin AMEA-ya verilməsi qüvvədə qalıb. Bakalavr pilləsi üzrə qəbul planı üzərində iş aparılır. Bu yaxınlarda keçən ilki planla müqayisəli təklif təqdim ediləcək”.