Oktyabrın 26-da Azərbaycan və Almaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke arasında görüş keçirilib. Bu barədə XİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, X.Xələfov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib.
XİN rəsmisi son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini bildirib. X.Xələfov ölkələr arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X.Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını qeyd edib. Nazir müavini əlavə edib ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniyanın münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olardı.
X.Xələfov Azərbaycanda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verərək, həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğulayıb. XİN rəsmisi eyni zamanda, Almaniyanın İqtisadiyyat və Enerji Nazirinin Azərbaycana gələcək səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. X.Xələfov sonra iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X.Xələfov humanitar sahədə əməkdaşlıq üçün də yüksək potensial olmasına əminliyini ifadə edib.
Andreas Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayaraq, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafından bəhs edən A.Peşke, son illər ərzində həyata keçirilmiş səfərlərə toxunaraq, iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib. Almaniyalı diplomat ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Almaniyanın da maraqlı olduğunu nəzərə çatdırıb.
Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən alman diplomat, 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirib. Mədəniyyət sahəsində əməkdaşlığı xalqları bir-birinə bağlayan vacib amil kimi qiymətləndirən A.Peşke, Azərbaycanda alman dili və mədəniyyətinə böyük marağın mövcud olduğunu, MDB məkanında yalnız Azərbaycanda, Slavyan Universiteti nəzdində alman dili üzrə institutun fəaliyyətə başladığını məmnunluqla qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.