Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı keçmiş Türkiyə dini işlər naziri Təyyar Altıkulacı qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı T.Altıkulac Azərbaycana bağlılığından danışaraq, ölkəmizə etdiyi səfərləri, ulu öndər Heydər Əliyevlə görüşlərini xüsusi qeyd edib.
Qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən nazir Azərbaycanın uğurlarına hər zaman sevindiyini bildirib.
M.Qurbanlı T.Altıkulacı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, T.Altıkulac Türkiyənin dini işlər naziri olduğu dönəmdən Azərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din sahəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri var. M.Qurbanlı yaxın tarixdə Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı İslam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan islamofobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İslam dininin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir.