Azərbaycanlı jurnalist KAYÇAD-ın tədbirində - Foto

Ankarada KAYÇAD (Kadın Yönetici və Kadın Çalışmalar Dayanışa Dernegi) aprel ayının 27-28-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Bosnya-Hersoqovinya, Arnavut, Qaradağ, Kosova, Ukrayna, Moldovadan olan qadın iş adamlarını və jurnalistləri bir araya yığıb.


AzNews.azxəbər verir ki, Türkiyə ilə türk dövlətləri və birlikləri arasında əməkdaşlıq edən, türk dünyasının öndə olan qadınlarının qatıldığı konfransda Türkiyə Respublikasının dövlət rəsmiləri, nazirləri, eləcə də Türkiyənin deputatları da iştirak ediblər. Konfransın açılışında Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təbrik məktubu oxunub. Kütahya Millət vəkili Mustafa Şükrü Nazlı türk dünyasının bacarıqlı, iş bilən qadınlarının bir araya toplanaraq, dünyanın qlobal problemlərinin həllində yaxından iştirakını yüksək qiymətləndirib və bu gün bütün dünyada 1 milyarddan artıq qadının iş qura bilmək qabiliyyətində olduğunu vurğulayıb. Türkiyə dövlətinin dünyadakı bütün qadınların sosial problemlərinin həllində yaxından kömək etdiyini, KAYÇAD -ın Orta Asiyada, Afrika və balkanlarda qadınların məşğulluğu, onların təhsil alması üçün şərait yaratdığını bildirib.

Konfransda iştirak edən digər Türkiyə millət vəkilləri, iş adamları və qonaqlar qadının cəmiyyətdəki rolundan, Avropada, Asiyada və dünyanın digər qitələrində qarşılaşdıqları problemləri gündəmə gətirərək, eyni zamanda doğuş zamanı ana və uşaq ölümlərinin çox olduğu ölkələrdən, qadınların zorakılığa, insan alverinə məruz qalması kimi dünyanı narahat edən problemlərə də diqqət çəkiblər. Eyni zamanda gələcək nəsillər üçün yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd olunub.

Tədbirə qonaq qismində qatılan Azərbaycandan olan jurnalist Aida Eyvazlı bu gün Azərbaycanda qadınların rolu, onların məşğuliyyəti, onlara verilən hüquqlardan danışaraq, eyni zamanda diqqəti , Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızda aparılan qanlı döyüşlərdən, eləcə də erməni separatistlərinin türk dünyasına bəslədikləri kin-küdurətdən danışıb.

Tədbir Ankaranın tarixi yerləri ilə tanışlıqla başa çatıb.