Dünyanı lərzəyə salan "Zika" virusuna artıq qonşu ölkələrdə də rast gəlinir

Eyni zamanda havalar isindiyindən ağcaqanadların çoxalması xəstəliyin Azərbaycanda yayılma riskini də artırır. Çünki "Zika" virusu daha çox ağcaqanadlar vasitəsilə yayılır. Artıq bununla bağlı Səhiyyə Nazirliyi ilkin tədbirlərə başlayıb

Paytaxt sakinləri "Zika" virusu barədə məlumatsız olsalar da, havaların isinməsi ilə bu xəstəliyin yayılma riski artır. Bu da xəstəliyin əsas daşıyıcısı və yoluxdurucusu hesab olunan ağcaqanadların isti havalarda çoxalması ilə əlaqədardır.

Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb ki, xəstəlik təkcə ağcaqanadlar vasitəsilə deyil, qanköçürmə və cinsi yolla da yayılır. Artıq qonşu ölkələrdə - Rusiya, Gürcüstan və bir sıra Avropa ölkələrində də zika virusuna rast gəlinib. Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov deyir ki, bu ölkələrlə gediş-gəliş olsa da, hələlik Azərbaycanda bu xəstəliyə yoluxan aşkarlanmayıb.

Önəmli məqam odur ki, bu xəstəliyi yayan, ağcaqanadın "aidis yegipts" növünün Azərbaycanda olub-olmadığı məlum deyil. Ağcaqanadın bu növünün araşdırılması üçün artıq Ümumdünya Səhiyyə Təşkilatına müraciət olunub. Süleyman Məmmədov deyir ki, may ayının əvvəlindən etibarən ölkə üzrə ağcaqanadlara qarşı tədbirlərə başlanılıb.

Bu virusa yoluxanlarda ilk olaraq qrip əlamətləri biruzə verir. Başgicəllənmə, əzələdə və oynaqlarda ağrı, gözün qızarması, bədəndə səpki və yüksək temperaturla müşahidə olunur. Əgər qadınlar hamilə vaxtı bu virusa yoluxubsa, doğulan uşaqların başı normal ölçüdən balaca olur. Mütəxəssislər deyirlər ki, hazırda bu xəstəliklə mübarizə aparmaq üçün vaksin yoxdur. Bunun üçün vətəndaşlar ağcaqanadın sancmasından qorunmalıdırlar. Daha çox uzunqol geyimlərə üstünlük verməli, repellentlərdən istifadə etmələri məsləhət görülür.sabahinfo.az