DYP-dən xəbərdarlıq: Qəzalarda ölənlərin sayı artıb?

Son günlər hava şəraitinin yağmurlu olması ilə əlaqədar yol qəzalarının sayında artım müşahidə olunur. Belə ki, ötən gün respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Qəzalardan 3-ü Bakı şəhərində baş verib. 4 nəfər ölüb, 1 nəfər yaralanıb.


Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, qəzaların baş verməsi hava şəraiti ilə əlaqədardır.

Şöbə rəisi vurğulayıb ki, yağlı havada bəzi sürücülər şəraitə uyğun düzgün sürət seçə bilmirlər: "Yağışın başladığı vaxtda daha çox yol-nəqliyyat hadisəsi baş verir. Qəzalar sürücülərin hava şəraitini nəzərə almaması ilə əlaqədardır.

K.Əliyevin fikrincə, bu ilin bütün aylarında yol-nəqliyyat hadisələri, həmçinin hadisələr nəticəsində ölən və yaralananların sayında azalma müşahidə edilir: "Bu ilin 8 ayında baş verən yol qəzalarının statistikasına nəzər yetirsək, görərik ki, artım qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında respublika üzrə qəzaların sayı 128 fakt (8,8%), həlak olanların sayı 93 nəfər (16%), yaralananların sayı 123 nəfər (8%) azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin sayı 99 fakt (18,4%), həlak olanların sayı 35 nəfər (22,9%), yaralananların sayı isə 124 nəfər (21,1 %) azalıb. Ümumilikdə bu tendensiya davam edir. Ayrı-ayrı günlərdə qəzaların və ölənlərin sayının çox olması heç də qəzalarda artım olması demək deyil”.

azvision.az
Sonda K.Əliyev hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib: "Havaların yağmurlu keçməsi ilə əlaqədar sürücülərə yollarda diqqətli və ehtiyatlı olmağı tövsiyə edirik”.