Əfqanıstanda terror - 33 nəfər ölüb

Əfqanıstanın şərqində Cəlalabad şəhərində terror hadisəsi baş verib.


Bu barədə "Reuters” yerli polisə istinadən məlumat yayıb. Hadisə nəticəsində 33 nəfər ölüb, 100 nəfər yaxın şəxs xəsarət alıb.

Terror hadisəsi səhər saatlarında dövlət qulluqçularının maaşlarını aldığı bankın binası qarşısında baş verib. Polisin ilkin ehtimalına görə, hadisəni terrorçu-kamikadze törədib. Lakin hələlik onun partlayıcı maddəni avtomobilə, yoxsa özünə bağladığı məlum deyil.

Həlak olanların kimliyi dəqiqləşdirilir. Polis insanların xəsarət alanlara yardım etdiyi zaman ikinci partlayışın törədildiyi barədə də məlumatı dəqiqləşdirir.

Hazırda Əfqanıstanda 10 min ABŞ, habelə NATO ölkələrinin3 min hərbçisi yerləşir. ABŞ-ın planına əsasən 2015-ci ilinin sonuna kimi Əfqanıstanda 5 min amerikalı hərbçi qalmalı, 2016-cı ilin sonuna kimi isə bütün əcnəbi hərbçilər ölkədən çıxarılmalıdır.