Elçin Quliyev Türkiyənin Jandarma Qüvvələrinin komandanı ilə görüşüb

May 1-də Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Jandarma Qüvvələrinin Qərargah rəisi, korpus generalı İbahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sabahinfo.az-ın məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilib.

Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, dövlət sərhəd xətti boyu inşa edilən müasir sərhəd mühafizə infrastrukturu, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumat verilib.

Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi nümayəndə heyətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Tərəflər arasında sərhəd mühafizəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyasında və "Sərhədçi” İdman Olimpiya Mərkəzində yaradılmış şərait və təlim-tədris prosesi ilə yaxından tanış olub.