Gəncə şəhər İcra Hakimiyyətinin başçısı "100% Gənclər şəhəri” layihəsinin nümayəndələri ilə görüşüb.
Görüşdə Elmar Vəliyev qonaqları salamlayaraq onları Nizami yurdunda görməyə şad olduğunu bildirib. Portuqaliya, İtaliya, Rumıniya, Litva, Bolqarıstan və İspaniyanı təmsil edən nümayəndə heyəti ilə tanışlıqdan sonra icra başçısı layihənin şərtləri və pillələri ilə maraqlanıb.
"100% Gənclər şəhəri” layihəsinin rəhbəri Carlos Manuel De Sousa bildirib ki, layihənin təşkilatçısı "Braqa – Avropa Gənclər Paytaxtı 2012” nümayəndəliyidir. Layihənın məqsədi iştirakçı ölkələrdə gənclərin inkişafı üçün yaradılmış şəraitlə tanışlıq və bunun əsasında 25, 50, 75 və 100 % - lik sistem üzrə həmin şəraitin qiymətləndirilməsidir.
Carlos Manuel De Sousa Gəncə şəhərində gənclərin istifadəsi üçün mövcud olan infrastrukturla tanış olduqlarını, "Gənclər evi”ndə yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib. Layihə rəhbəri vurğulayıb ki, "50% Gənclər şəhəri” kriteriyalarının analizinə görə Gəncə şəhəri bu mərhələni uğurla keçib. "75% Gənclər şəhəri” kriteriyalarının müəyyən olunması, "75% Gənclər şəhəri” titulu üçün sorğuların keçirilməsi nəzərdə tutulub.
Bu layihə çərçivəsidə nümayəndə heyəti müxtəlif Avropa şəhərlərinə səyahət edir və həmin səfərlər zamanı infrastruktur nəzərə alınır. Səfərlər çərçivəsində gənclərin layihələrinin maliyyələşməsi məsələləri müzakirə edilir. Bundan başqa işsizlik, təhsil və digər sahələrin səviyyəsi ölçülür. Yerli gənclər şuraları ilə görüşlər keçirilir, gənclərin şəhərin gələcək inkişafına verəbiləcəkləri tövhələr öyrənilir.