Erməni jurnalist: “Qarabağlı ermənilər çoxdan uduzublar”

Dağlıq Qarabağda ermənilər danışmağa qorxurlar. Bilirlər ki, danışanı nə gözləyir. Amma "dördgünlük müharibə"dən sonra səbr kasası daşdı.

Qarabağlı erməni jurnalist, Ermənistan Baş Prokurorluğunun qərarı ilə qapadılmış "Tretya Sila Plyus" qəzetinin baş redaktoru, Ermənistanda və Xankəndidə jurnalist fəaliyyəti yasaqlanmış Vahram Ağacanyan "Qarabağ anabiozu: qarabağlı ermənilərin rəhbərliyi itirilmiş ərazilər barədə nə düşünür?" başlıqlı məqaləsində belə yazır.

Məqaləni qısa ixtisarlarla təqdim edirik:



"Dağlıq Qarabağdakı situasiyanı diqqətlə izləyən ekspertlər, siyasətçilər, dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələri Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamasını şərh edirlər. Dağlıq Qarabağdakı "dördgündük müharibə"nin nəticələrindən danışarkən S.Sarkisyan ermənilərin 800 hektar ərazi itirdiklərini və bu ərazilərin də nə strateji, nə də taktiki baxımdan heç bir əhəmiyyət kəsb etmədiyini söyləmişdi.

Azərbaycan qalib, Ermənistan məğlub vəziyyətdədir. Ermənistanda cəmiyyət narazıdır və baş verənlərin səbəbləri ilə bağlı ölkə rəhbərliyindən hələ də məntiqli cavab gözləyir. Serj Sarkisyan iqtidarı, təbii ki, "müvafiq" bəyanatlar verir, nələrsə danışır. Amma danışılanlar ziddiyyətli, bəyanatlar isə yalan olduğundan çox asanlıqla təkzib olunur.

Serj Sarkisyan və onun əlaltıları deyirlər ki, döyüşlərdə itirilən torpaqlar boş, kimsənin yaşamadığı, strateji və taktiki əhəmiyyət kəsb etməyən yerlərdir. Lakin jurnalistlər, ekspertlər, analitiklər ordusu bu iddianın yalan olduğunu deyirlər.

Hamı danışır, yazır, müzakirələr aparır. Yalnız Dağlıq Qarabağdakı ermənilərin rəhbərliyi, bir də qarabağlı ermənilərin mediası susur. Qarabağlı ermənilər həqiqəti eşitmək istəyirlər. Heç olmasa media səviyyəsində. Amma bu barədə bir kəlmə deyilmir.

Qarabağdakı "İctimai Televiziya" adlanan telekanal da susur. Fəaliyyətinə hər il milyonlarla dollar xərclənən bu televiziya "əla" süjetlər nümayiş etdirir. Məsələn, qara şalvara yalnız qara corabların yaraşması kimi. Bu unikal struktura Dağlıq Qarabağ ermənilərinin "prezident"i Bako Saakyanın sinif yoldaşı başçılıq edir.



Görünür, bu səbəbdən, habelə onun vəzifəsindən dolayı onun görmə və eşitmə qabiliyyəti ilə bağlı problemləri var.

Xankəndidəki telekanalda Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı heç bir analitik proqram, tok-şou yoxdur.

Ədalət naminə yazmalıyam ki, bu başabəla "telekanal"ın əməkdaşları ildə bir dəfə küçələrdəki çatlar və ya asfaltdakı çuxurlar barədə az qala gözlərini yumaraq, tələm-tələsik danışaraq qısa reportajlar hazırlayırlar.

Qarabağlı ermənilərin televiziyasının cəsarəti, qüdrəti və bacarığı bununla qurtarır. Təbii ki, telekanalın efirində hər hansı müxalifətçinin danışmasından söhbət belə gedə bilməz. Adı guya "İctimai televiziya" olan bu telekanalda müxalif fikirlər, ümumiyyətlə, yasaqlanıb.

Hər il ermənilərin milyonlarla dollarının xərcləndiyi "rəsmi media" da susur. Heç bir polemika, yaranmış situasiya ilə bağlı heç bir analitika, heç bir plüralizm və ya fikir müxtəlifliyi - həmişə olduğu kimi, boz reportajlar, Brejnev stilli xəbərlər, "qarabağlı ermənilərin saysız düşmənləri" barədə bayağı psevdovətənpərvər ritorika və bu kimi axmaqlıqlar.

Özünü "müstəqil" adlandıran media da susur. "Bədxah"lar deyirlər ki, Dağlıq Qarabağdakı "müstəqil media" rəhbərliyin pullarından asılıdır və bu səbəbdən də müxalifətçilərə divan tutulması əməliyyatlarında iştirak edir.



Onların mövcudluğu bu fikirlərlə müəyyənləşir:"Dağlıq Qarabağdakı ermənilərin rəhbərliyinin istənilən formada tənqidi Azərbaycanın xeyrinədir. Buna görə də qarabağlı ermənilər - əgər sizi qarət edirlərsə, adam yerinə qoymurlarsa, maaş və təqaüdləri vaxtında ödəmirlərsə, səsini çıxaranı tutub həbsxanaya atırlarsa, bir sözlə qanunlar heçə sayılırsa, susmalısınız, Bakını sevindirməməlisiniz". Yəni qarabağlı ermənilərin rəhbərlərinin eybəcər "demokratik" simasına ləkə düşməməlidir. Ona görə də Dağlıq Qarabağda kimisə və ya nəyisə tənqid edənlər "düşmən dəyirmanına su tökmək"də suçlanır, onlar hədələnirlər, qorxudulurlar.

Dağlıq Qarabağda Stalin dönəmi hökm sürür. Adamlara deyirlər ki, susun, rəhbərliyi tənqid etməyin, "yoxsa Azərbaycandakılar oxuyarlar". Yəni Dağlıq Qarabağda erməniləri qarət etmək, həbs etmək, öldürmək olar.

Azərbaycan "problem" sayılmır. Amma bu barədə danışanda - susun, "Azərbaycan xəbər tutar".

Belə çıxır ki, Dağlıq Qarabağ ermənilərinin rəhbərləri "Azərbaycanı tanımırıq" desələr də, Azərbaycanın reaksiyasını ən ciddi məsələ sayırlar.

>

Dağlıq Qarabağın "Xarici İşlər Nazirliyi", bu karikatur qurum da susur. Ümumiyyətlə, bu struktur lağlağı obyektidir. Ermənistan XİN-nin bisavad, bacarıqsız məmurunun başçılıq etdiyi struktur faktiki olaraq informasiya agentliyidir. İldə iki-üç dəfə bezdirici, ura-patriot bəyanatlarla çıxış etmək işləmək deyil.

Dağlıq Qarabağda ermənilər danışmağa qorxurlar. Bilirlər ki, danışanı nə gözləyir. Amma "dördgünlük müharibə"dən sonra səbr kasası daşdı.

Çünki bu günlərdə qarabağlı ermənilər son illərlə müqayisədə daha çox hərbçi itirdilər.
Axı necə olur ki, cəbhə xəttindəki tankların yanacaq bakında yanacaq əvəzinə penoplast olur?! Necə olur ki, döyüşlər zamanı onlarla komandir qəflətən "yoxa" çıxır? Necə olur ki, erməni əsgərlər köhnə silahlarla döyüşür, yarıac qalır?



Və əgər o 800 hektarlıq ərazi önəmsiz idisə, nə üçün Dağlıq Qarabağın "müdafiəsi" adıyla hər il milyonlarla dollar pul xərclənir?

Ümid edirəm ki, Dağlıq Qarabağ ermənilərinin liderləri bu suala cavab verəcəklər. Bu dəfə insanların ağızlarını yuma bilməyəcəklər".