Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan
əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən
etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa,
bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin
və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin
tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər.
Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni
mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin
gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının
həmin xalqa verdiyi ilahi bəxşişdir.
Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat
yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan
xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ
çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri,
öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir
azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.
Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi
və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf
strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.
Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan
məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf
etdiyini görürük.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış
respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları
səviyyəsinə qaldıran, sürətli inkişafını təmin edən bu yorulmaz insanın gördüyü böyük quruculuq işlərinə bu
gün tarixin prizmasından nəzər saldıqda onun uzaqgörənliyinə heyrət etməmək olmur.
Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan Heydər Əliyev böyük
qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə
yaratmağa başlamışdı. Onun respublikaya rəhbərlik etdiyi sovetlər dönəmində Azərbaycan neft və pambıq
xammalı mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu yüksək sənaye
respublikasına çevrilmişdi. O illərdə Heydər Əliyev ilk növbədə bugünkü dövlət müstəqilliyimizin əsası olan
güclü iqtisadi bazanı yarada bilmiş, respublikanın özünü elektrik enerjisi və digər zəruri vasitələrlə tam təmin
etməsinə şərait yaratmışdı. Azərbaycanın mənzərəsi tamamilə dəyişilmiş, respublikanın hər yerində böyük
abadlıq işləri getmiş, yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları,
Azərbaycan üçün tamamilə yeni müəssisələr istifadəyə verilmiş, ən başlıcası, bu sahələrdə işləyə bilən güclü
kadr potensialı yetişdirilmişdi.
Bununla yanaşı, ölkəmizin elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış,
Azərbaycanın zəngin tarixi bütün dünyaya tanıdılmışdır. Bunlar hamısı onun zəhmətinin və böyük təşkilatçılıq
işinin bəhrəsi idi.
Ən əsası budur ki, ulu öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Çünki özü
xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. Heydər Əliyev
deyirdi: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir
tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də
gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Ulu öndər insan həyatının fəlsəfəsini belə izah edirdi: "Həyatın mənası çox və yaxud az yaşamaqdan
ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət nümunəsi
göstərmək və başqaları üçün nümunə olmaqdır ". Bu gün heç kəs inkar edə bilməz ki, Heydər Əliyev ömrü
başdan-başa elə ləyaqət timsalı, ləyaqət nümunəsidir.
31
Uzaqgörən rəhbərin o dövrdə gördüyü mühüm işlərdən biri də ölkəmizin sonrakı taleyində və
inkişafında mühüm rol oynayan yüzlərlə Azərbaycan gəncini oxumaq üçün keçmiş Sovetlər İttifaqının ən güclü
ali məktəblərinə göndərməsi idi. Həmin kadrlar Azərbaycanın inkişafına öz töhfələrini vermiş və
verməkdədirlər. Bu baxımdan hərbi kadrları xüsusi qeyd etmək lazımdır.
1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra öz ordusundan məhrum olan Azərbaycan xalqı Böyük
Vətən müharibəsi illərində qəhrəmanlıqla vuruşaraq, minlərlə qurban verərək, Həzi Aslanov kimi böyük hərbi
sərkərdələr yetirsə də, sovet ordusunda azərbaycanlı zabitlərin, xüsusilə yüksək rütbəli zabitlərin olmaması
Heydər Əliyevin qəlbini bir vətəndaş kimi ağrıdırdı. Buna görə də o, C. Naxçıvanski adına hərbi liseyi
yaratmışdı. Moskvanın etdiyi etirazlara baxmayaraq, həmin liseyi Azərbaycanın gələcək hərbi kadrları üçün
güclü qaynağa, mənbəyə çevirə bilmişdi. Çox sonralar, 2003-cü ilin aprel ayında həmin liseyin 30 illik
yubileyində Heydər Əliyev deyirdi: "Bu məktəbi yaradanda heç ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən
yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu, mənə qismət olub və çox şadam ki,
həqiqətən belə şərəfli iş mənə nəsib olubdur. 1972-1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi
burada çıxış edirlər. İndi onlar generallar, polkovniklərdir. Korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə
komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss
edirəm ".
Təkcə bu lisey idimi onun yaratdığı? O dövrdə Azərbaycanın paytaxtında fəaliyyət göstərən Ali
Ümumqoşun Komandirləri Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi də onun diqqətindən kənarda qalmamışdı.
O, respublikanın rəhbəri və Zaqafqaziya Hərbi Dairəsi Siyasi Şurasının üzvü kimi həmin məktəblərdə olarkən
burada cəmi 20 azərbaycanlı tələbənin oxuduğunu görmüşdü. Buna görə də o zaman Almaniyadakı sovet
qoşunlarında xidmət edən general Valeh Bərşadlını Azərbaycana dəvət edərək onu Ali Ümumqoşun
Komandirləri Məktəbinə rəis təyin etdirmişdi. Bundan sonra Heydər Əliyevin səyləri ilə təkcə həmin məktəbdə
azərbaycanlıların sayı 50 faizə çatmışdı. Burada da o, böyük maneələrlə qarşılaşmışdı. Özü də bu, Heydər
Əliyevin qarşılaşdığı ilk və son maneə deyildi.
Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti və istedadı artıq bütün İttifaqa səs salmış, hətta
beynəlxalq miqyasda tanınmışdı. Məhz fitri rəhbərlik istedadını və dövlət xadimi üçün zəruri olan ən yüksək
keyfiyyətləri özündə birləşdirdiyinə görə o zamankı sovet rəhbərliyi onu Moskvaya dəvət edərək Sov.İKP MK
Siyasi Bürosunun tərkibinə daxil etmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli
çəkmişdi. Azərbaycanda başladığı böyük quruculuq işlərini davam etdirmək və tamamlamaq arzusu nə qədər
güclü olsa da, o, həmin təklifdən boyun qaçıra bilməmişdi. Beləliklə, Heydər Əliyev keçmiş SSRİ rəhbərliyində
təmsil olunan ilk azərbaycanlı, ilk müsəlman olmuşdu.
Heydər Əliyevin Moskvada çalışdığı illər xüsusi tədqiqat və geniş söhbət mövzusudur. Ancaq qeyd
etmək lazımdır ki, o, həmin illərdə də daim Azərbaycanın maraqları ilə yaşayır, Azərbaycanın tərəqqisi üçün
əlindən gələni edir və buna kifayət qədər nail olurdu. O illərdə SSRİ rəhbərliyi ən çətin sahələrin, ən
məsuliyyətli vəzifələrin icrasını Heydər Əliyevə tapşırmaqla sanki onu sınağa çəkirdi. 20-dən artıq İttifaq
nazirliyinə rəhbərlik edən Heydər Əliyev qısa vaxtda bütün Sovet İttifaqında özünə böyük rəğbət qazana bilmiş,
öz işgüzarlığı, prinsipiallığı, qayğıkeşliyi ilə insanların qəlbində öz yerini tutmuşdu. Heydər Əliyevin
dünyagörüşü, təfəkkürü o qədər geniş və hərtərəfli idi ki, hər bir sahənin ən tanınmış mütəxəssisləri onun ömrü
boyu bu sahə ilə məşğul olduğunu güman edirdi. Həmin dövrdə SSRİ rəhbərliyində təmsil olunmuş bir çox
görkəmli dövlət xadimləri, onunla ünsiyyətdə olan rəhbər işçi və ziyalılar onun zəngin erudisiyasına, müxtəlif
sahələri incəliklərinə qədər öyrənməsinə heyran qalırdı. Bunlar həmin insanların xatirələrində böyük məhəbbət
hissi ilə qələmə alınmışdır.
Heydər Əliyevin rəhbərlik etdiyi əsas sahələrdən biri keçmiş SSRİ-nin ən böyük problemlərindən
sayılan nəqliyyat sahəsi idi. O dövrdə əsrin ən böyük tikintilərindən sayılan Baykal-Amur Magistralının inşasına
nəzarət edən komissiyanın işinə məhz Heydər Əliyev rəhbərlik edirdi. BAM-ın tikintisində Azərbaycanın və
azərbaycanlıların əməyi az olmamışdır. Hələ Azərbaycanda işləyərkən Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış
"AzBAMstroy” Tikinti Quraşdırma İdarəsi vasitəsilə burada böyük işlər görülmüşdür, o cümlədən Azərbaycan
memarlarının layihələri əsasında Ulkan və Anqoya-stansiya qəsəbələri tikilmişdir. Təsadüfi deyildir ki, lap bu
yaxınlarda, yəni 2008-ci ildə Rusiya dövlətinin qərarı ilə Baykal-Amur Magistralının Şərqi Sibir dəmir yolunun
Anqoya stansiyasına ulu öndərin adı verilmişdir.
Moskvada fəaliyyət göstərdiyi illərdə Heydər Əliyev beynəlxalq aləmdə də görkəmli ictimai-siyasi
xadim kimi tanınmış, onun böyük siyasi iradəyə və idarəçilik bacarığına malik olması dünyanın məşhur
siyasətçiləri və dövlət xadimləri tərəfindən etiraf edilmişdir. Çünki Heydər Əliyev hansı sahəyə rəhbərlik ediretsin,
hansı vəzifədə olur-olsun, həmin sahəyə yeni ruh, yeni nəfəs gətirə, bu işə yeni vüsət verə bilirdi. Bu, hər
şeydən əvvəl onun qeyri-adi zəkasından, təşkilatçılıq qabiliyyətindən, bir sözlə, şəxsi keyfiyyətlərindən irəli
32
gəlirdi. Yəni vəzifə onu yox, o, vəzifəni ucaldırdı. Çünki özünün dediyi kimi: "Vəzifə insana heç bir şey vermir,
sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən
asılıdır”.
Lakin Heydər Əliyevin bu istedad və bacarığına qısqanclıqla yanaşanlar, onu gözü götürməyənlər də az
deyildi. Heydər Əliyevin gündən-günə artan nüfuzu çoxlarına sərf etmir və buna görə də ona qarşı saysızhesabsız
haqsızlıqlar baş verirdi. Xüsusilə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin yaradılmasında və 20
Yanvar faciəsinin törədilməsində bilavasitə günahkar olan Mixail Qorbaçovun ona qarşı tutduğu mövqe
dözülməz idi.
O zaman M.Qorbaçov və onun ən yaxın ətrafı Heydər Əliyevə qarşı çirkin böhtan kampaniyasının
başlanmasına start verdilər və təəssüf ki, bu işdə vaxtilə Heydər Əliyevin vəzifəyə gətirdiyi, etimad göstərərək
irəli çəkdiyi bəzi azərbaycanlı rəhbər kadrlardan da fəal istifadə edilirdi. İş burasındadır ki, bu böyük
haqsızlıqlara nəinki həmin dövrün sərt sınaqlarından mətanətlə, dözümlə çıxan Heydər Əliyevin özünə, hətta
ailə üzvlərinə, o cümlədən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu müvəffəqiyyətlə bitirərək 23 yaşında
elmi dərəcə almış, həmin institutda dərs deyən oğlu İlham Əliyevə qarşı da yol verilirdi. Heydər Əliyev kimi
böyük siyasi xadimin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və Azərbaycana qayıtmasına ciddi maneələr
törədilməsi isə ən çox Azərbaycan xalqına vurulan zərbə, ona qarşı törədilən sui-qəsd idi.
1990-cı ilin Qanlı Yanvar hadisələrini Azərbaycan xalqı heç zaman unutmayacaqdır. Daim təqib və
nəzarət altında olmasına baxmayaraq, Azərbaycan xalqının vətənpərvər övladı Heydər Əliyev öz çiyinlərinə
düşən böyük məsuliyyəti dərk edən siyasi xadim kimi elə həmin günün səhəri bütün dünyaya səs salan çıxışı ilə
bu hadisələrin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etdi. Onun bu çıxışının xalqdan gizlədilməsinə
səy göstərilsə də, xalq hər şeydən xəbərdar oldu və Azərbaycanın böyük xilaskarının yenidən respublikaya
qayıtmasını, bəlalardan qurtarmaq missiyasının ona həvalə olunmasını tələb etməyə başladı.
Böyük rəhbərin o dövrdə yaşadığı mürəkkəb və gərgin anlar haqqında indi hamının məlumatı vardır.
Onun 1991-ci il iyulun 19-da atdığı qətiyyətli addım bütün dünyada rezonans doğurdu və kommunizm
ideyalarının iflasa uğradığını təsdiq etdi. Heydər Əliyev uzun illər sədaqətlə xidmət etdiyi və rəhbərlik etdiyi
Kommunist Partiyasının sıralarını tərk edərkən bunu ilk növbədə 1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət
verilməməsi, sovet rəhbərliyinin Azərbaycana qarşı tutduğu qərəzli mövqe ilə izah etmişdi. Həmin il avqustun
29-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında isə Heydər Əliyev Azərbaycan xalqının birliyi üçün
Kommunist Partiyasının hakimiyyətdən getməsi təklifini irəli sürmüşdü. Ancaq yanvar hadisələrindən sonra
respublikanı idarə edən şəxslər xalqın mənafeyi və tələbi ilə hesablaşmayaraq yalnız öz kreslolarını qorumaqla
məşğul idilər, onlar Azərbaycanın başının üstünü almış qara buludları sanki görmürdülər.
1990-cı il iyulun 20-də böyük çətinliklə Azərbaycana qayıdan Heydər Əliyev sonralar xatırlayırdı:
"Moskvada məni təqib edirdilər… Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya
planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim
böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma
imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı.
Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş ".
Azərbaycanın 1988-1993-cü illər dövrü bəlkə də onun tarixində ən mürəkkəb və faciəli bir dövr idi.
Moskvanın buyruğu ilə oturub duran, onun qərarlarını kor-koranə yerinə yetirən Vəzirov və Mütəllibov
rejimləri respublikanı nə qədər bərbad günə qoymuşdularsa, onların bacarıqsızlığından və qətiyyətsizliyindən
istifadə edərək hakimiyyətə gəlmiş cəbhəçi-müsavatçıların səriştəsizliyi ucbatından ölkə tamamilə dağılmaq və
məhv olmaq təhlükəsi qarşısında qalmışdı.
Bu gün xalqımızın böyük ürək ağrısı ilə xatırladığı həmin illərdə Azərbaycanın bir ümid çırağı da var
idi. Həmin ümid çırağı Heydər Əliyev idi. O, Naxçıvanda xalqın böyük təkidi ilə muxtar respublika Ali
Sovetinin Sədri seçilmişdi, olduqca dözülməz blokada şəraitində Azərbaycanın bu qədim diyarını erməni
işğalından qoruyub saxlayırdı. Mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Naxçıvanda Azərbaycanın
müstəqillik atributlarını bərpa edir, muxtar respublikanı blokadadan qurtarmaq üçün onu qardaş Türkiyə ilə
birləşdirən "Ümid körpüsü”nü salırdı.
Respublikanın bütün şüurlu insanları vətənin xilasını Heydər Əliyevin simasında görərək ona saysızhesabsız
müraciətlər edir və Naxçıvanda onu ziyarət edərək xilaskarlıq missiyasını öz üzərinə götürməsini xahiş
edirdilər. Cəbhəçilər isə Azərbaycanın başının üstünü almış təhlükəni aradan qaldırmaq yollarını çox gözəl bilən
bu böyük siyasətçi ilə heç məsləhətləşmək belə istəmir, öz düşünülməmiş hərəkətləri ilə respublikanı uçuruma
yuvarlayırdılar. Bunun nəticəsi olaraq 1993-cü ilin məlum iyun hadisələri baş verdi. Surət Hüseynovun Gəncədə
başladığı qiyam, Əlikram Hümbətovun cənub bölgəsində başladığı separatçılığın şimal bölgəsinə də sirayət
etməsi, Rəhim Qazıyev kimi üzdəniraq siyasətçilərin Rusiya ilə sövdələşmələri nəticəsində Azərbaycanın bir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
33
respublika kimi yer üzündən silinmək təhlükəsi yaranmışdı. Bunu görən Əbülfəz Elçibəy rejimi də Heydər
Əliyevsiz keçinmək mümkün olmadığını dərk etdi və təkidlə onun Bakıya gəlməsini xahiş etdi.
Hadisələrin sonrakı axarı və xalqın böyük təkidi nəticəsində 1993-cü il iyunun 15-də Heydər Əliyev
nəhayət Bakıya gələrək dənizdə sükanını itirmiş gəmiyə bənzəyən Azərbaycanın idarə olunmasını öz öhdəsinə
götürdü. Bu zaman xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni
Azərbaycan Partiyası artıq formalaşmağa və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli
siyasi xadimin ətrafına toplamağa nail olmuşdu.
1992-ci ilin noyabrında qarlı-şaxtalı Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının məqsəd və
vəzifələri hər bir Azərbaycan vətəndaşının arzu və istəklərini özündə əks etdirirdi. Bu gün biz Heydər Əliyev
ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış
məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni
Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.
Bu çətin dövrün xronikasını sadalamağa burada imkan olmadığından Heydər Əliyevin layiqli varisi,
indiki Prezident cənab İlham Əliyevin hələ 1998-ci ildə keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı
verdiyi bir müsahibəsində dediyi sözləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev deyirdi: "Mən
Prezidentə xalqın məhəbbətini, xalqın inamını öz gözümlə gördüm, çünki Prezidentin bütün bölgələrə
səfərlərində mən onun yanındaydım. Mən bildim ki, xalq Heydər Əliyevə inanır, Heydər Əliyevi dəstəkləyir,
Heydər Əliyevi sevir və Heydər Əliyevə alternativ görmür”.
Həmin müsahibəsində cənab İlham Əliyev 1998-ci ili 1993-cü illə müqayisə edərək onda Azərbaycan
ictimaiyyətini tamam başqa problemlərin narahat etdiyini, gündəlikdə tamam başqa məsələlərin durduğunu
bildirirdi. Bu problemləri həll etmək, Azərbaycanı parçalanmaqdan xilas etmək, vətəndaş müharibəsinə son
qoymaq, Ermənistanla Azərbaycan arasında olan müharibəni dayandırmaq, atəşkəs rejimini saxlamaq, qeyriqanuni
silahlı birləşmələri tərksilah etmək, sabitlik yaratmaq asan deyildi. Lakin Heydər Əliyev 5 ildə bu
problemlərin hamısını həll etmiş, 1996-cı ildən başlayaraq ölkədə yaranmış sabitlikdən istifadə edərək böyük
quruculuq işlərinə başlamışdı. Cənab İlham Əliyev hələ o zaman inamla qeyd edirdi ki, 2003-cü ilə qədər
iqtisadi və sosial problemlərin bir çoxu öz həllini tapacaq və 2003-cü ildə gündəlikdə tamam başqa məsələlər
duracaq. Cənab İlham Əliyev çox düzgün qeyd edirdi ki, əgər 1993-cü ildə qəti addımlar atılmasaydı, 1998-ci
ildə Azərbaycan dövləti haqqında bəlkə də söhbət getməyəcəkdi.
Heydər Əliyevin 2003-cü ilə qədər gördüyü əsas işləri saymaqla qurtarmaq olmasa da, burada ilk
növbədə ölkədə sabitliyin bərqərar olmasını, müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul
edilməsini, demokratik-hüquqi dövlətin hüquqi bazasının yaradılmasını, bunun əsasında iqtisadi islahatlara
başlanılmasını, birinci özəlləşdirmə proqramının, torpaq islahatının başa çatdırılmasını, ölkədə sahibkarlığın
inkişafı üçün əlverişli şəraitin yaradılmasını qeyd etmək olar. Lakin bunların hamısının əsasında onun böyük
uğurla hazırlayıb həyata keçirdiyi yeni neft strategiyasının dayandığını demək lazımdır. Bu strategiyanın həyata
keçirilməsi Azərbaycanın bütün sonrakı qələbələrinin əsasını təşkil etmişdir. "Əsrin müqaviləsi”nin
hazırlanmasında və həyata keçirilməsində isə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitseprezidenti
vəzifəsində çalışan, 2003-cü ildən isə Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevin
əvəzsiz rolu və xidmətləri danılmazdır.
İndi dünya sanki sıxlaşıb, müasir rabitə və nəqliyyat sistemləri ölkələri bir-birinə daha da yaxınlaşdırıb.
Belə bir şəraitdə geosiyasi vəziyyət tez-tez dəyişir, qloballaşma dövrü kimi səciyyələndirilən müasir şəraitdə
dünyadan təcrid olunmaq, sadəcə, mümkünsüzdür. İndiki dövrdə xüsusilə mürəkkəb geosiyasi vəziyyətdə olan
bir ölkəyə rəhbərlik etmək, onu yüksək sürətlə inkişaf etdirmək olduqca böyük qətiyyət, möhkəm iradə tələb
edir.
Məhz bu qətiyyət və iradəni cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident
seçkilərində və öz prezidentliyinin birinci dövründə nümayiş etdirdi. O, ilk andiçmə mərasimindəki nitqində
Azərbaycanın bundan sonra da həmişə ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalacağını, daxili və
xarici siyasətdə Heydər Əliyev xəttini yeridəcəyini, hər bir azərbaycanlının Prezidenti olacağını bütün dünyaya
bəyan etdi.
Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiqliyini ölkənin sosial-iqtisadi inkişafını yeni
səviyyəyə yüksəltməkdə, aparılan islahatları daha da sürətləndirməkdə və dərinləşdirməkdə, respublikanın
iqtisadi müstəqilliyini tam təmin etməkdə görürdü. O öz prezidentliyinin birinci dövründə imzaladığı ilk
fərmanları ilə Azərbaycanın yaxın 4 ildə sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etdi.
Azərbaycanın tarixində yeni dövr – İlham Əliyev dövrü başlandı. Cənab İlham Əliyev Heydər Əliyev
ənənələrinə sadiq qalaraq atacağı hər bir addımı, görəcəyi hər bir işi dərindən ölçüb-biçmək üçün respublikanın 34
sonrakı inkişafının hər bir sahəsi üzrə konkret, elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanmasına
göstəriş verdi.
2008-ci ilin yekunları və həmin ilin oktyabrında keçirilən prezident seçkiləri Azərbaycan xalqının
böyük əksəriyyətinin cənab İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyini, ona inandığını və Azərbaycanın
gələcəyini ona etibar etdiyini bir daha təsdiq etdi.
Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə respublikanın əldə etdiyi uğurları isə bir neçə rəqəmlə
göstərmək kifayətdir. 2003-2008-ci illərdə respublikada ÜDM 2,7 dəfə artmış, onun adambaşına düşən həcmi
5800 ABŞ dollarına çatmışdır. Son 5 il ərzində sənaye istehsalı da 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri
2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara çatmışdır. 2003-2008-ci illərdə
ölkə iqtisadiyyatına təqribən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da bütün müstəqillik illərində
Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta
ehtiyatları 1 milyard 600 milyon ABŞ dolları idisə, indi bu rəqəm 18 milyard dollardan çoxdur.
Bu illər ərzində 766 min, o cümlədən 2008-ci ildə 120 min iş yeri açılmışdır ki, bunun da 548 mini
daimi iş yeri olmuşdur.
Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin birbaşa varisi və övladı kimi Prezident İlham Əliyevin
bu böyük şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verən sözlərdir. O bildirir:
"Mən Heydər Əliyevin oğlu olmağımı özüm üçün böyük xoşbəxtlik sayıram. Böyük insanın oğlu olmaq, habelə
mühüm qərarlar qəbul edilən anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu gün onun işi yaşayır, siyasəti
yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa
çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Səni
maraqlandıran bir suala cavab almadan ondan aralanmaq mümkün deyildi. Sizə deməliyəm ki, prezidentliyimin
ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim: bu vəziyyətdə Heydər Əliyev nə edərdi? Lakin
təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki, o, son beş ildə görülmüş işlərin hamısını
bəyənərdi. Özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı”.
Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə
birləşdirən bir çox ümumi cəhətlər vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək lazımdır. Bu, ilk
növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir. Biz əvvəldə ulu öndərin bu barədə bəzi fikirlərini
qeyd etmişdik. Bu məsuliyyət hissi cənab İlham Əliyevin də bütün həyatının məğzini təşkil edir və ətrafında
olan hər bir kəsdən də bunu qətiyyətlə tələb edir. Cənab İlham Əliyev hakimiyyətin nədən ibarət olması barədə
öz düşüncələrini açıqlayaraq deyir: "Mən deyərdim ki, bu gün hakimiyyəti beş il əvvəlkindən fərqli başa
düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi. Həm atamın xatirəsi
qarşısında, həm ölkə qarşısında, həm də xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın
gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt
tərk etməsə də, hər halda, buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı
işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan
vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır”.
Gördüyümüz kimi, Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları
XXI əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası
tərəfindən uğurla davam etdirilir. Çünki Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır.
Fədail Rəhimov
"Bakı Tikiş Evi” MMC-nin direktoru