2015-ci ilin ortalarından İŞİD terror təşkilatının gəlirləri 30 faiz azalıb.
Bu barədə Trend "Reuters"ə istinadən xəbər verir.
Energetika sahəsində fəaliyyət göstərən "IHS Global Inc." konsaltinq şirkəti İŞİD-in gəlirlərinin azalma səbəbini neft qiymətlərinin azalmasında görür. Şirkətin hesabatına əsasən, keçən il terror təşkilatının gəliləri 80 milyon dollar olduğu halda, bu il 56 milyon təşkil edir.
Bundan başqa, İŞİD-in nəzarəti altında olan ərazilərdə neft hasilatı sutkaya 33 mindən 21 min barelə kimi azalıb.
Hesabatda bildirilir ki, gəlirlərinin yarısını İŞİD zəbt edilmiş ərazilərdə vergidən, 43 faizini neft hasilatından alır. Digər gəlirləri isə narkotik qaçaqmalçılığından, elektrik enerjisinin satışından və ianələrdən əldə edir.
"Reuters"in məlumatına əsasən, hazırda büdcə kəsiri ilə bağlı problemlərini həll etmək üçün İŞİD zəbt edilmiş ərazilərdə fiziki cəzalara məhkum olunanlara qərarları cərimələrlə əvəzləmək imkanı verir.
Terror təşkilatı yeni vergilər tətbiq etməyə başlayıb. Bunlardan peyk antennalarının quraşdırılması və yaşadığı ərazilərdən çıxış üçün olanı göstərmək olar.