Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Naftalanda Mədəniyyət və Turizm Nazirliyinin "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda kollegiya iclası keçirilib.


Sabahinfo.az-ın məlumatına görə, iclasda nazirliyin kollegiyasının üzvləri, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak edib.

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı N. Aslanov Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hazırda da bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev regionda turizmin inkişafından danışıb.

Nazir bildirib ki, ölkə başçısının tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir.

İclasda "Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi”, "Mingəçevir Turizm Kollecinin elmi-pedaqoji kadr ehtiyatı və tədris prosesində innovativ yanaşmaların tətbiqi” mövzularında və Nazirliyin "2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı”nın 25.02.2012-ci il tarixli, 4/1 nömrəli kollegiya qərarının icra vəziyyəti haqqında gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilib.

İclas zamanı nazir bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğundan narahatlığını ifadə edib və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar verib.

Sonda "Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair "Niyyət protokolu” imzalanıb.

Qeyd olunan məsələlər Kollegiyanın qərarı ilə təsdiq olunub.