Xəbər verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adlı sərgi salonunda rəssam Kirman Abdinin Məmməd Araz poeziyasına həsr olunmuş "İsinsin azacıq bu daş duyğular" adlı qrafika sərgisi keçirilib.
Sərginin Açılış mərasimində Azərbaycanın tanınmış rəssamları, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yüzdən çox sənətsevərin toplaşdığı tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının baş katibi, Xalq rəssamı Ağaəli İbrahimov açıb. Ölməz Xalq şairinin yaradıcılığından, onun Azərbaycan poeziyasındakı rolundan söhbət açan tanınmış fırça ustası sərginin əhəmiyyətini yüksək qiymətləndirib. A. İbrahimov bunun K. Abdinin üçüncü belə sərgisi olduğunu diqqətə çatdıraraq bildirib ki, bu tipli sərgilərin təşkilinə böyük ehtiyac var.
Daha sonra söz Kirman Abdinə verildi:
"Mənim üçün Məmməd Araz yaradıcılığı hər zaman maraqlı olub. Məmməd Arazın yaradıcılığına 3 aspektdən yanaşmağa çalışdım. Həyata gülən. Həyatda qəm çəkən. Həyatda düşünən Məmməd Arazı göstərməyə çalışdım. Qrafik üslubda Məmməd Araz poeziyasına müraciət etmək mənə elə gəlir ki, bir müəllif olaraq məndən məsuliyyət tələb edirdi. Sevinirəm ki, 3 illik zəhmətimin nəticəsi bu gün bəhrəsini göstərdi və bu əsərlər sərgidə nümayiş olunur”
Yazıçı, millət vəkili Aqil Abbas sərginin təşkil olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. "Ailəmiz adından hər kəsə təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu gün bura gələnlərin hər birini Məmməd Araz poeziyasına olan sevgi bura gətirib. Mən rəssamlığı sevən adamam. Az-çox da marağım var. İmkan olanda da gəlib sərgi salonlarında əsərləri seyr edirəm. Rəssamların bir bədbəxtliyi var. Şairlərdən, yazarlardan fərqli olaraq rəssamların bir problemi odur ki, onlar yaradıcılıqlarını nümayiş etdirməyə çətinlik çəkirlər. Çünki şair bir şeir yazır qəzetdə dərc olunur, nə bilim, efirdə səsləndirə bilir. Mahnılarda istifadə edirlər. Amma rəssamın çəkdiyi rəsm əsərlərini yalnız sərgi salonunda izləmək mümkündü. Şair kamera qarşısında imkan olanda bir şeirini söyləmək imkanına malik olur. Rəssam yazıq hara getsə, çiyninə çəkdiyi əsəri qoyub gəzdirə bilməz ki, bu mənim əsərimdi. Yəni rəssamların reklamı daha zəif olur. Ona görə də sərgi salonlarına getmək lazımdı. Mən 5-6 gün əvvəl bildim ki, müəllifimiz Məmməd Araz yaradıcılığına müraciət edərək ona rəsm əsərləri çəkib. Buna çox sevinirəm ki, Məmməd Arazın yaradıcılığına rəssamlar da müraciət edə bilirlər. Çünki həqiqətən Məmməd Araz poeziyasının çəkisi, fəlsəfəsi onu rəsm əsərlərinə köçürməyə də imkan verir”.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə ədibin "Mən özümlə oynadığım şahmata güldüm", "Zamandan məkana", "Dünya sənin, dünya mənim", "Şəhriyar gəlmədi", "Düşüncələr", "Bir ürək sındırdım bir qız ürəyi", "Xətainin qılıncını suvardım", "Biz qapı açmışıq öz eşqimizə" və.s 60-dək poetik misralarına həsr olunmuş qrafik sənət əsərləri yer alıb.
Qeyd edək ki, sərgi 5 gün davam edəcək.