Terrorda niyə Rusiya vətəndaşından istifadə olunub?

Xəbər verdiyimiz kimi, Türkiyədə Atatürk hava limanındakı terroru törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Belə ki hadisə nəticəsində əvvəlcə "kalaşnikov”la atəş açıb, sonra da bombanı partladan kamikadze terrorçulardan birinin çeçen əsilli Rusiya vətəndaşı Osman Vadinov olduğu bildirilir.

Rusiya ilə Türkiyə münasibətlərinin normallaşdığı bir vaxtda terror hadisəsində Rusiya vətəndaşının istifadə olunması isə bəzi suallar yaradır.

Politoloq Elxan Şahinoğlu sözügedən detalıAzNews.az-a şərh edib. O hesab edir ki, terror hadisəsinə Rusiyanın heç bir aidiyyəti yoxdur: "Bir vətəndaşla bunu müəyyən etmək olmaz. Rusiyanın burada nə marağı ola bilər? Əksinə, Türkiyə prezidenti Rusiya Prezidentinə üzrxahlıq məktubu göndərib. Rusiya prezidenti də Türkiyə ilə münasibətlərin qaydasına düşməsi üçün Nazirlər Kabinetinə tapşırıq verib”.

E.Şahinoğlunun fikrincə, Türkiyə ilə münasibətlərin normallaşmasına Rusiyanın özünün ehtiyacı var:"Vətəndaşlığı olan şəxsin terroru törətməsi o demək deyil ki, bunun arxasında Rusiya dayanır. Bu məsələ yəqin ki, araşdırılacaq. Böyük ehtimalla terrorçu Suriya, İraqdan gəlib”.