“ TopAz ”ın TOPUYLA MƏNƏVİYYATIMIZA VURULAN ZƏRBƏ

"İnsan mənəviyyat üçün yaşamalıdır” Heydər Əliyev İnsanın mənəvi tərbiyəsi prosesində fərd və mühitin rolu böyükdür. Müasir zamanda baş verən bütün neqativ hallar mühitin sosial münasibətlər çərçivəsindən kənara çıxdığı zərurətindən irəli gəlir. Bəzən biz insanın mənəvi aləminin strukturunda baş verən əxlaqi, estetik və intellektual məqamların yeri və əlaqəsindən cəmiyyətin və ya dövlətin qarşılıqlı münasibətlərini yetərincə hiss etmirik. Bu bir həqiqətdir ki, bu günkü təhsilin, tədrisin və təlimin inkişafı 10 il sonrakı cəmiyyətin inkişafından xəbər verir. Bu mənada bilməliyik ki, dövlətin təkcə xarici təsirlərdən deyil, daxili təsirlərdən də sarsıla biləcəyi qaçılmazdır. Bu gün cəmiyyətimizin bütün təbəqələrində ciddi bir narahatçılıq hiss olunmaqdadır. İctimai Nəzarət Koalisiyasının qərərgahına daxil olan məktublarda insanlar israrla soruşurlar ki, gənclərimizi məhvə sürükləyən "TopAz” və bu kimi oyunları təşkil edən şəbəkələr hansı məqsədlərə xidmət edirlər? Onların arxasında hansı "güclər” dayanır? Bunları təşkil edənlər bu dərəcədəmi Vətənini-Millətini sevməyən insanlardır?! Təəssüf ki, onları müdafiə edən yüksək çinli məmurlar bildirirlər ki, "TopAz” idman oyunu olmaqla dövlətə vaxtlı-vaxtında vergisini ödəyir, büdcəmizə gəlirlər gətirirlər. Mən bu yoldaşlara üzümü tutub deyirəm: -Bəyəm siz bilmirsiniz ki, hər bir bəxtini sınayan imkansız gəncin taleyini hansı psixoloji sarsıntılar gözləyir? Qanunlarımızı yaxşı bilən bu məmurlar doğrudanmı anlamırlar ki, mənəviyyatı korlanan xalqın gələcəyi puçdur? Düşünürəm ki, yaxşı bilirlər! Lakin, pul qazanmaq, varlanmaq hərisliyi onların gözlərini kor etmişdir. İnsan ruhani varlıq olmaqla yanaşı nəfsə də malikdir. Təəssüf ki, bəzən bədən nəfsi deyil, nəfs bədəni idarə edir. "Qurani-Kərim” də buyurulur: "Nəfslərinizi qorumaq sizin öz borcunuzdur. Doğru yolda olsanız (Haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər”. Birmənalı şəkildə anlamalıyıq ki, "TopAz”ın məqsədyönlü təşkil etdiyi bu oyunlar həm milli, həm də dini adət-ənənələrimizə ziddir. İş o yerə gəlib çıxıb ki, bu oyunlara küllü miqdarda pullar yatırılır, nəticədə isə insanlar müflisləşir, bir çox yollarla əmlakları satdırılır. "TopAz” hətta dövlətə yüksək vergi ödəsə belə, unutmamalıyıq ki, o mənəviyyatımızı zərbə altında qoyur, gəncliyimizi məhv edir. Əlbəttə, bu gün bir çox insanlarımız işsizlik və digər həyati problemlərlə yaşayırlarsa, deməli cəmiyyətdə problemlər hələ də qalmaqdadır. Hər halda dövlət və cəmiyyət bütün hallarda vətəndaşına sahib çıxmalıdır. Bu da bir həqiqətdir ki, son zamanlar yeni-yeni iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Bunula bərabər boynumuza almalıyıq ki, məmur özbaşınalığı və rüşvətxorluğun hədsiz təsirlərindən bir çox sahibkarlar iş yerlərini bağlayırlar. Banklardan götürdükləri kreditləri vaxtında qaytara bilmədiklərindən əmlaklarını dəyər-dəyməzinə satırlar. Bu isə gənclərinmizin və cəmiyyətimizin digər təbəqələrini ümüdsüzlüyə düçar edir. "TopAz”ın fəaliyyət göstərdiyi yerlərdə asilan lövhələrdə oyunda iştirak edənlərin yaşı 18-dən yuxarı göstərilsə də, kiçik yaşlı uşaqlar da bu oyunlara cəlb olunurlar. Hesab edirəm ki, əksər vaxtlarını elmə, biliyə, idmana deyil, "TopAz”ın mənasız oyunlarına vərdiş etmiş övladları üçün valideynlərlə bərabər əlaqədar orqanlar da ciddi narahat olmalıdırlar. Cüzi bir şeylər əldə etmək naminə şüuraltı olaraq özlərini təsdiq etmək istəyən gənclərimizin məhvə doğru getməyinin qarşısı təcili alımnalıdır. Dolayısı ilə xalqa sırılan bu kimi hoqqabazların Azərbaycan cəmiyyətinə vurduğu zərbələri hiss edəndə isə artıq çox gec ola bilər. Ona görə də, hələ ki gec deyil, "TopAz”ın və bu kimi oyunbazların oyunlarına SON qoyulmalıdır. Platona görə, cansız şeylərdən fərqli olaraq, canlılar ölümə məhkumdurlar. Yəni hər doğulan ölməlidir. Ona görə də çalışaq ki, heç olmasa balalarımıza cəmiyyət tərəfindən hörmət yeri qoyub, özümüzlə bu dünyadan rəhmət aparaq. Allah hamımızı bu kimi xəta-bəlalardan qorusun! Amin!