İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.
Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.
Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 proqramın icrası uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına 387,7 milyon manat vəsait sərf olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 10 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmiş və öz xeyr-duasını vermişdir.
Bundan əlavə, stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmışdır. Xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 10 ildə 3 dəfə yüksəlmiş və ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalmışdır.
Hazırda respublika üzrə 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Səhiyyə Nazirliyi bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitə və bu xidmətin keyfiyyətinə daimi diqqət yetirir.
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir. Qəbul planına uyğun olaraq ötən il 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. Bununla yanaşı, 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir.
Eyni zamanda, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda indiyədək 1363 mütəxəssis öz təcrübi biliklərini artırmışdır.
Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərar qəbul olunmuşdur.
Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Bu gün Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-a yaxın ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.
Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir qismidir. Elə bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qanköçürmə müəssisələrinin 3-cü iclasının Bakıda keçirilməsi də Azərbaycanın getdikcə artan nüfuzunun bariz göstəricisidir.
Səhiyyə sahəsində görülən uğurlu işlərdən danışan baş həkimi, 2 saylı Bakı Dəmir Yol Poliklinikasının baş həkimi, Tibb üzrə üzrə fəlsəfə doktoru, fəxri dəmiryolcu Həmzə Həsənov deyir ki, bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, istər maddi texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr. Rəhbərlik etdiyi müəssisə barəsində danışan Həmzə doktor deyir ki, əvvəllər burada dəmiryolçulara, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi.
Poliknikada olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, poliknikada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində xoş təəssurat yaradır. Həkimlər deyir ki, Həmzə Həsənov poliklinikaya baş həkim təyin edildikdən sonra burada təmir işləri aparılıb, əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün poliklinikada hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Müəssisəyə müraciət edən xəstələr burda xoş təəsuratla ayrılırlar.
Onu
da qeyd edək ki, son illərdə isə şöbələr EKQ, USM, EEQ aparatları ilə təchiz
olunub, laboratoriya üçün müasir avadanlıqlar alınıb. Yeni rentgen aparatı
quraşdırılıb. Poliklinikanın maddi-texniki bazası möhkəmləndirilib, müasir
tələblərə cavab verir, əmək intizamına ciddi əməl olunur. Təbii ki, bu işdə
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun da
əməyi az deyil. Cavid Qurbanovun səyi nəticəsində QSC-nin tibb xidmətəqələrində
olan problemlər dərhal aradan qaldırılıb.
Samir Əliyev