20-dən artıq uşaq açıq ürək əməliyyatı ediləcək

Ümumdünya Uşaq günü münasibəti ilə 20 noyabr tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında "Uşaq həftəsi” aksiyasına start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aksiya ərəfəsində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstənin müayinə və müalicələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Qeyd edək ki, bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

Həmçinin aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı artıq keçirilib. Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub. Bundan başqa, anadangəlmə ürək qüsuru olan 26 həftəlik körpənin əməliyyatı da nəzərdə tutulub.