23 itkin neftçidən hələ də xəbər yoxdur

"Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.



Bu barədə"Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib. Qurumdan bildirilib ki, bu gün səhər saatlarından Dövlət Sərhəd Xidmətinin (DSX) 3, Fövqəladə Hallar Nazirliyinin 1, SOCAR-ın isə 3 gəmisi itkin düşən neftçilərin axtarışlarına başlayıb:"Yaxın məsafə üzrə isə Fövqəladə Hallar Nazirliyinin 1 kateri sahilboyu axtarışları davam etdirir”.


Birlikdən hələ də axtarışlar zamanı tapılanın olmadığı deyilib:"Hələ ki, axtarışların heç bir nəticəsi yoxdur”.


Qurumdan o da qeyd olunub ki, hələ də yataqda davam edən yanğın söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi cəlb olunub: "Quyularda yanğının söndürülməsi üçün ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları artıq quraşdırılıb. Yəqin ki, yaxın müddətdə bütün proses sona çatar”.


Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.