"Başqaları da bundan dərs çıxarmalıdırlar"

Əli Abbasovun YAP Siyasi Şurasında qalıb-qalmayacağına partiyanın İdarə Heyəti qərar verəcək


"Cənab prezidentin son vaxtlar bəzi nazirləri vəzifədən kənarlaşdırmasından digərləri ibrət dərsi götürməlidirlər”.

Sabahinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müaviniSiyavuş Novruzov deyib.

Vəzifədən kənarlaşdırılanlar arasında hakim partiyanın rəhbərliyində də təmsil olunanların olduğuna toxunan S. Novruzov qeyd edib ki, işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb: "Başqaları da bundan dərs çıxarmalıdırlar. Ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər”.

Vəzifəsindən kənarlaşdırılan və prezidentin etimadını doğrultmadığı bildirilən keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun YAP Siyasi Şurası üzvlüyündə qalıb-qalmamasına münasibət bildirən S. Novruzov deyib ki, lazım gəlsə, buna partiyanın İdarə Heyətində qərar veriləcək: "Bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir”.