"Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub. Sabahinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, 200 kubmetr tutumlu su anbarı tikilib, binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək deyib: "Ölkə prezidentinin tapşırığını yerinə yetirərək bu hərbi hissədə yeni binaların tikilməsi və onların sizin istifadənizə verilməsi ailələrinizin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir. Ali Baş Komandanın Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiymətdən məlumatlısınız. Əmin olun ki, bu uğurun əksər hissəsi məhz sizin payınıza düşür. Qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür. Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik.
İlin sonunadək sizin hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək. Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaqdır. Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, Prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Bundan əlavə, yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”.
Mənzillərin açarları şəxsi heyətə təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.
Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.