"Ümumiyyətlə ermənilərin işlətdiyi "soyqırımı” ifadəsi, uzun illər bu terminin təsdiq olunması barədə etdiyi hərəkətlər, gördüyü işlərin əksəriyyəti yalnız quru söz-söhbətdən ibarətdir”. Bunu SİA-ya Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.
Millət vəkilinin sözlərinə görə, həyatda olmayan bir fakt haqqında danışmaq yersizdir: "Bu mənada soyqırımı ifadəsi olmayıb, əksinə müharibələr olub. Hətta birinci dünya müharibəsi ərəfəsində ermənilər xeyli sayda dinc müsəlman əhalini hərbi təcavüzə məruz qoyublar. Onlar müəyyən hərbi dəstələrlə Azərbaycan kəndlərinə hücum ediblər. Ümumiyyətlə soyqırımı ifadəsini işlətmək tamamilə başqa cürdür. Soyqırımı ifadəsi bizim müasir dövrümüzdə Xocalıda baş verən hadisələrdir. Ermənilərin orada bir kəndin bütün əhalisini öldürməsi, şikəst etməsi, yandırması və s. digər vəhşi hərəkətlərə yol verməsi soyqırımının göstəricisidir. Müsəlmanlara, azərbaycanlılara, türklərə qarşı ermənilərin etdikləri bir növ vəhşilik və cinayət idi. Əsl soyqırımını onlar törədiblər. İndi Ermənistan adlanan qondarma dövlətin yerləşdiyi ərazilərdə azərbaycanlıların doğma torpaqlarından, kəndlərindən, şəhərlərindən köçürülməsi, qaçqın və məcburi köçkün vəziyyətinə salınması soyqırımı idi. Bu günə qədər ermənilər Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu geri qaytarmırlar. Kəndlər, evlər, məscidlər, qəbiristanlıqlar dağılıb və s. Onlar hələ də əvvəlki köhnə xislətlərini davam etdirirlər”.