Xarici İşlər Nazirliyi Parisdə baş verən terror aktlarını pisləyən bəyanat verib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: "Azərbaycan Xarici İşlər Nazirliyi Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Bəyanatda qeyd edilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.