"Ankara ilə münasibətlər əvvəlki kimi olmayacaq"
Rusiyanın prezidenti Vladimir Putin bu gün Suriyada vurulan SU-24-lə bağlı kəskin fikir söyləyib.
Rusiya prezidenti İordaniya kralı ilə görüşü zamanı bu gün baş verən hadisəyə çox sərt münasibət bildirib.
Putin Rusiya hərbi təyyarəsinin vurulmasını "terrorçuları dəstəkləyənlərin onlara arxadan zərbə endirdiyi” şəklində şərh edib.
Rusiya prezidenti onu da bəyan edib ki, rəsmi Ankara ilə münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq: "Rusiya təyyarəsi Türkiyə üçün heç bir təhlükə törətməyib. Bu çox açıqdır. Vurulan təyyarə İŞİD-lə mübarizə aparırdı, terrorçuları hədəf alırdı. Təyyarə Türkiyə sərhəddindən 4 kilometr uzaqda idi. Türkiyə Rusiya və ABŞ-ın terrorçulara qarşı birgə mübarizə barədə razılığına rəğmən təyyarəmizi vurub. Təyyarənin vurulması Türkiyə-Rusiya münasibətlərinə çox ciddi təsiri və nəticələri olacaq. Rusiya Türkiyəyə sadəcə qonşu yox, eyni zamanda dost kimi yanaşıb. Belə bir hadisə kimin işinə yaradı, bilmirəm, ancaq bizim buna ehtiyacımız yox idi. Türkiyə təyyarəni vurduqdan sonra Rusiya ilə əlaqə yaratmaq əvəzinə, sanki təyyarəni Rusiya vurubmuş kimi, NATO-ya müraciət elədi. Təyyarəmizin vurulmasını kürəyimizdən bıçaqlan hesab edirik".
**
17:04
Türkiyə-Suriya sərhədində Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra bu ölkənin prezidenti Vladimir Putin xüsusi bəyənatla çıxış edəcək.
Bu barədə Rusiya mediasına Kremldəki mənbələrdən məlumat daxil olub. Bəyanatın mətni barədə hələ ki heç bir məlumat verilmir və məxfi saxlanılır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Türkiyə tərəfindən sərhədi pozduğuna görə vurulan təyyarənin qalıqlarının Suriya sərhədində olduğunu bildirib: "Hərbi təyyarə bütün uçuşu müddətində tamamilə Suriya sərhədi daxilində qalıb. Bu uçuş müvafiq nəzarət cihazları ilə qeydə alınıb”.
Rusiya Müdafiə Nazirliyi SU-24 təyyarəsinin yerdən açılmış atəşlə vurula biləcəyini də qeyd edib. Hadisə zamanı iki pilot katapult yolu ilə təyyarədən çıxsa da onlardan birinin cəsədi tapılıb. Digər pilotun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Rusiya tərəfi bəyan edib ki, döyüş təyyarəsi yerdən 6 min metr yüksəklikdə olarkən vurulub.