Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı tərəfindən 1 noyabrda keçiriləcək parlament seçkilərilə əlaqədar təbliğat-təşviqat mərhələsi davam edir. Dünən seçkilərin təbliğat- təşviqat kampaniyası çərçivəsində 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Buzluq kəndində seçicilərilə görüşü keçirilib. Görüşü YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Goranboy seçicilərinin hər zaman YAP-ın siyasətini dəstəklədiklərini və partiyamızın namizədlərinə etimad göstərdiklərini bildirdi. Qeyd etdi ki, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev də rayon ictimaiyyəti tərəfindən yaxşı tanınır: "Depudatlığa namizəd Ağalar Vəliyevin fəaliyyətinin müəyyən məqamları sırf Goranboy rayonunun inkişafına verilən töhfələrlə bağlıdır.Ona görə də ümidvaram ki, rayon ictimaiyyəti YAP-ın namizədi Ağalar Vəliyevə etimad göstərəcəklər".
Daha sonra Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev tərcümeyi-halı və Məzahir Zeynalov Ağalar Vəliyevin IV çağırış Qaradağ rayonunda deputatlığı dövrü gördüyü işlər barədə seçicilərə geniş məlumat verdilər. Onlar seçiciləri Ağalar Vəliyevə səs verməyə dəvət etdilər.
Görüşdə çıxış edən Buzluq kənd sakinləri Elnur Pirəliyev, Kəmalə Novruzova, Rəşad Ələkbərov və başqaları seçimlərinin YAP-ın namizədi Ağalar Vəliyev olduğunu və ona səs verəcəklərini bildirdilər.
YAP tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev isə seçicilər qarşısında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası da bu inkişafda ön sırada dayanır.
Ağalar Vəliyev YAP tərəfindən növbəti dəfə namizədliyinin irəli sürülməsinin böyük iftixar olduğunu bildirərək qeyd edib ki, ona səs verəcək seçicilərimin etimadını doğruldacaq.
Görüş maraqlı müzakirələr, diskussiya şəraitində başa çatıb.