Bu gün 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Şəfəq kəndində seçiciləri ilə görüşü keçirilib. Görüşü YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova açaraq deputatlığa namizəd Ağalar Vəliyevin həyat və fəaliyyəti haqqında seçicilərə geniş məlumat verib. Bildirib ki, deputatlığa namizəd Ağalar Vəliyev respublikamızda, eləcə də respublikadan kənarda da tanınan ən nüfuzlu insanlardandır: "Rayonumuzda məskunlaşmış qaçqınlar üçün Aşağıağcakənd qəsəbəsində yaşayış binasının tikintisi Ağalar Vəliyevin rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti həyata keçirmişdir. 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev rayonumuza səfəri zamanı həmin qəsəbənin açılışında Ağalar Vəliyev də iştirak etmişdir. Həmçinin rayona Murovdağdan 36 km məsafədən 17 kəndə içməli su çəkilişinin tikintisini və su- kanalizasiya sisteminin tikintisini də Ağalar Vəliyevin rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti həyata keçirmişdir".
Görüşdə deputatlığa namizədin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov Ağalar Vəliyevin 3-cü çağırış Qaradağdan deputatlığı dövründə rayonda gördüyü işlər barədə seçicilərə geniş məlumat verdilər və görüş iştirakçılarını ona səs verməyə dəvət ediblər.
Seçicilərdən kənd ağsaqqalı Nemət Abbasov çıxış edərək Ağalar Vəliyevin Yevlax dəmir-beton zavodunun drektoru işlədiyi müddətdə kənddə 20 nəfərdən artıq insanın həmin zavodda işlədiyini bildirmişdir. Ağsaqqal onun bir xeyriyəçi kimi insanlığından danışmış və bu gün də onun namizədliyinin irəli sürüldüyünü eşitdikdə, onların sevincinin həddi-hüdudu olmadığını qeyd etmişdir. O, layiqli namizəd olan Ağalar Vəliyevə səs verəcəklərini bildirmişdir.
Zeyvə YAP ilk partya təşkilatı qadınlar şurasının sədri Leyla Əliyeva çıxış edərək, Ağalar Vəliyevin zəhmətkeş, dövlətini və xalqını sevən, Prezident İlham Əliyevə sədaqətlə xidmət edən vətənsevər bir insan olduğunu bildirib: "Rayonumuzun seçiciləri belə bir istedadlı, xeyirxah insanın əməllərini müdafiə edir və ona gördüyü bu işlərdə uğurlar arzulayır. Mən qadınlar şurası adından Ağalar müəllimi əmin edirəm ki, bizim ərazidə yaşayan bütün seçicilər ona səs verəcəklər".
Kənd sakinlərindən İsrail Qorçuyev, Müsəlli Kazımov, Qabil Həsənov və digərləri çıxışlarında Ağalar Vəliyevin həyat və fəaliyyətinin xalqa, dövlətə xidmət üzərində qurulduğunu və bu baxımdan seçkilərdə ona səs verəcəklərini bildirdilər.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ağalar Vəliyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyətini önə çəkərək, bu partiyanın demokratik cəmiyyət quruculuğunda, insanların sosial-rifah halının yaxşılaşdırılmasında oynadığı roldan danışmışdır. Bildirmişdir ki, onun üçün həm şərəf, həm də məsuliyyətdir ki, Cənubi Qafqazın ən nüfuzlu aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülüb. A.Vəliyev bu etimadı doğruldacağına və ona veriləcək səslərə layiq olacağına söz verdiyini bildirib.
Tədbir maraqlı müzakirələr və diskussiya şəraitində davam etdirilib.