“İrəvanla Bakı arasında sülh sazişinin paraflanması və yekun sülhün əldə edilməsi ilə bağlı imzalanan sənədlərdən sonra Azərbaycan nəinki bölgədə, ümumiyyətlə, qlobal müstəvidə yeni reallıq yaratmış oldu. Yeni reallıq isə regional və qlobal miqyasda sülhün, təhlükəsizliyin təmin olunması və sıx əməkdaşlıq münasibətlərinin qurulması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev yeni reallığın şərtlərinə və qarşısında duran çağırışlara uyğun olaraq həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırmaqdadır. Çoxvektorlu xarici siyasət diplomatiyasının əsas parametri bir-birinə rəqib olan tərəflər, güclər arasında tarazlı və praqmatik yanaşma tələb edir ki, Azərbaycan da bunu uğurla həyata keçirməkdədir. Məhz bu uğurlu diplomatiyanın nəticəsidir ki, Azərbaycan nüfuzlu beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da dərinləşdirməkdədir. Bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan və Avropa arasında əlaqələr enerji, investisiya, ticarət, nəqliyyat, tranzit-yükdaşıma və digər sahələrdə uğurla inkişaf etməkdədir. Yüksək əməkdaşlıq münasibətlərinin qurulması nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu hər ötən il daha da artmaqdadır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Deputat bildirib ki, İrəvanla Bakı arasında 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda imzalanan sülh sənədindən sonra Azərbaycan–Aİ münasibətləri əvvəlki illərdən fərqli olaraq tamamilə yeni bir mərhələyə qədəm qoyub: “Azərbaycanla Ermənistan arasında sülh sənədi imzalanmayanadək bəzi Avropa ölkələri Azərbaycanla “soyuq müharibə” şəraitində idisə, artıq Vaşinqton anlaşmasından sonra münasibətlər tamamilə fərqli istiqamətdə inkişaf etməkdədir. İndi Aİ ölkələri Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə can atırlar. Bu səbəbdən də son bir neçə ayda Aİ–Azərbaycan əlaqələrində bir dinamiklik müşahidə olunmaqdadır.
Biz bunu ən son Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə görüşündə də müşahidə etdik. Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Avropa liderləri və Aİ rəhbərləri tərəfindən çox yüksək səviyyədə qəbul edildi. Dünənədək Azərbaycana sərin münasibət bəsləyən bəzi Avropa ölkələrinin liderləri özləri Prezident İlham Əliyevlə görüşə cəhd edib, çox səmimi şəkildə münasibətlər qurmağa çalışırdılar. Artıq onlar da Azərbaycanın əhəmiyyətini və dünyada gedən proseslərdə rolunun artdığını dərk edirlər. Bilirlər ki, Azərbaycansız Avropanın nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiya regionu ilə sıx əməkdaşlıq əlaqələri qurmaq mümkündür.
“Avropa Siyasi Birliyi”nin təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platforma olduğunu nəzərə alsaq, o zaman Azərbaycanın Aİ üçün hansı əhəmiyyətə malik bir ölkə olduğunu anlamaq çətin deyil. Azərbaycanla sıx əməkdaşlıq qurulmadan Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək mümkün deyil. Ən azından Azərbaycanın Avropa qitəsinin enerji təhlükəsizliyində oynadığı rola diqqət yetirmək kifayətdir. Bu gün Azərbaycan Avropaya təkcə neft deyil, eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir. İldən-ilə də bu ixracın əhatə dairəsi artmaqdadır. Boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan həm də Avropanın qonşu regionu olan Yaxın Şərqin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atıb və atmaqdadır. Azərbaycan Avropa qitəsi ilə sərhəd olan Suriyaya qaz ixrac etməklə bu ölkədə sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.
Azərbaycan fəaliyyətini bununla bitirmir. Avropanın enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün enerji ixracının şaxələndirilməsinə üstünlük verir və bu yöndə də ciddi addımlar atmaqdadır. Azərbaycan hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyir. Yəni “yaşıl enerji”yə keçidlə Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək vermək niyyətindədir. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək enerji əməkdaşlığı daha da gücləndirəcək.
Azərbaycan Avropanın Şərqlə daha sıx əlaqələrini təmin etmək üçün Orta Dəhlizin imkanlarını daha da artırmaq məqsədilə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ciddi səylər göstərir. İndiyədək görülən işlərin nəticəsində Azərbaycan üzərindən hər iki istiqamətdə nəqliyyat daşımalarının həcmi bir neçə dəfə artıb və görülən işlər nəticəsində qarşıdakı illərdə dəfələrlə artacaq.
Azərbaycanın hədəfi Orta Dəhlizi yaşıl və çoxfunksiyalı bir dəhlizə, bölgəsini isə logistik mərkəzə çevirməkdir. Bunun üçün də Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Cənubi Qafqazda Orta Dəhlizin şaxələndirilməsinə və bütün region ölkələrinin bundan faydalanmasına çalışır. Çünki region ölkəsi olan Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalıb. Zəngəzur dəhlizinin açılması isə Ermənistana həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının diversifikasiyası deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq. Açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Nəticə etibarilə Ermənistana da enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaranacaq. Bu isə Ermənistan üçün əlavə büdcə gəlirləri deməkdir.
Bütün bunlar nəticə etibarilə Azərbaycanın çoxqütblü dünya nizamında regional və orta güc rolunda çıxış etməsinə imkanlar açacaq. Artıq Azərbaycan qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr arasında yer alır. Azərbaycan da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib”.
Mürtəza