Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri zamanı verilən ən önəmli mesajlardan biri Zəngəzur dəhlizinin tezliklə açılması ilə bağlı bəyanat oldu. “Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək” deyə Prezident İlham Əliyev bəyan etdi. Qardaş ölkənin Preziidenti R.T.Ərdoğan üzərində ən çox çalışılan, həssaslıq göstərilən məsələnin Zəngəzur dəhlizi olduğunu bildirdi. Bir daha diqqətə çatdırıldı ki, bu dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Bu, həm də Ermənistana və bu dəhlizlə bağlı destruktiv mövqedə olan tərəflərə mesaj kimi qiymətləndirilməlidir. Dövlət başmızın da dəfələrlə bəyan etdiyi kimi, Zəngəzur dəhlizi açılacaq. Ermənistan bunu istəsə də, istəməsə də.
Ərdoğanın səfərdən sonra tvitter hesabında paylaşdığı mesaj da olduqca vacibdir. Türkiyə Prezidenti Bakı səfərindən sonra bir daha Türkiyə və Azərbaycanı Şərqlə Qərb arasında strateji mövqeyə sahib olan güc kimi təqdim edib. Regionda dayanıqlı sülhə gəlincə, Ərdoğan da ümid edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Son vaxtlar intensivləşən dialoqun müsbət nəticələrini yaxın gələcəkdə görməyi ümid edir.
Səfər zamanı müzakirə olunan digər məsələlərə gəlincə, ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığın da daha da dərinləşdirilməsi planlaşdırılır.
Ümumiyyətlə, qardaş ölkədə keçirilən seçkilərdən sonra artıq ölkələrimiz arasında da yeni imkanların açıldığını söyləmək mümkündür. Prezident İlham Əliyev də mətbuata birgə bəyanat zamanı bunu bir daha bəyan etdi. Bakıda aparılan müzakirələrdən, səslənən bəyanatlardan aydın oldu ki, bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Əslində dövlət başçımızın da söylədiyi kimi, Bakı ilə Ankaranın xarici siyasətlə əlaqədar apardığı birgə fəaliyyət bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən çox vacibdir. Bu işbirliyinin ən böyük özəlliklərindən biri budur.
Tərəflər qarşıdakı mərhələdə müdafiə və müdafiə sənayesi sahələrində gələcək planları da artıq dəqiqləşdirib. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişafını davam etdirəcək. Xüsusilə postmünaqişə dövründə təhlükəsizlik baxımından bu, olduqca vacibdir. Üstəlik, nəzərə alsaq ki, dünyada güc amili ön plana çıxır, belə olan halda müzəffər Ali baş Komandanın da söylədiyi kimi, bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.
Azərbaycanla Türkiyə enerji və nəqliyyat məsələləri ilə bağlı da yeni hədəfləri müəyyənləşdirib. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin artması yeni perspektivlər vəd edir.
Könül Nurullayeva,
Millət vəkili