Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib. Avtosfer.az xəbər verir ki, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib, hər iki mərkəzdə abadlıq işləri aparılıb, ərazidə yeni yaşıllıqlar salınıb. Bundan başqa, avtomobillərini texniki baxışa təqdim edən sürücülərin gözləmə zalları yaradılıb ki, burada onlara təmənnasız olaraq çay, su kofe təklif olunur. Həm “Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən, həm də Zabrat qəsəbəsindəki texniki baxış məntəqələri həftə sonları, eləcə də bayram günləri də adi günlərdəki kimi işləyir. MDB məkanında ən müasir avadanlıqlar məhz burada quraşdırılıb.
Qaradağdakı müayinə mərkəzi tam yeni avadanlıqlarla təchiz ediləndən sonra Zabratdakı mərkəzdə də eyni işlər görülüb. Texniki baxışa təqdim olunan hər bir nəqliyyat vasitəsi müasir avadanlıqlarla yoxlanılır və bütün qüsurlar burada aşkar edilir. Bundan sonra sürücüyə elektron qaydada texniki baxış talonu verilir. Növbəti il həmin qüsurlar yenidən aşkar edildikdə avtomobil texniki baxışdan keçirilmir.
Sürücülərə xidmət edən personal xüsusi geyimlərdə və pandemiya qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər.
Bu il ilk dəfə olaraq Bakıdakı texniki baxış mərkəzlərində sürücülər üçün qaynar xətt yaradılıb. 012 511 08 40 nömrəsinə zəng edən sürücülərə xanım operator cavab verir. Qaynar xətt vasitəsilə avtomobilin texniki baxış vaxtını, qayda pozuntularınə, avtomobilə aid cərimələri, hansı qüsurların aradan qalıdırılmasını, rüsumu və digər məsələləri öyrənirlər. Respublikanın bütün bölgələrindən başqa sahələr üzrə suallar da olduqda isə aidiyyatı üzrə yönləndirilir.
Operator rus və ingilis dillərində sərbəst danışır və sualları cavablandırır. Artıq Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri operator xidmətinin səmərəli fəaliyyətinə görə dəfələrlə təşəkkür ediblər.
Hər iki müayinə mərkəzində minlərlə ağac və gül kolları əkilib. Zabratda geniş zeytun bağı salınıb, vaxtilə bataqlığa çevrilən ərazi abadlaşdırılıb. İndi burada həm vətəndaşlar, həm də işçilər üçün normal şərait yaradılıb.
Daha ətraflı videomaterialda tanış ola bilərsiniz.
Orxan Əli