Azərbaycan 2019-cu ildən etibarən 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir. Bu müddətin əhəmiyyətli hissəsi COVID-19 pandemiyasının təhlükəsiz dünya nizamını təhdid etdiyi ağır bir dövrə təsadüf edir. Dünya birliyi əyani şəkildə gördü ki, əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətində dinamiklik bərpa edildi, koronavirus kimi qlobal çağırışa qarşı mübarizədə bir çoxlarına örnək ola biləcək qətiyyətli mövqe ortaya qoyuldu.
2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti həmin ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Həmin dövrdə “peyvənd millətçiliyi”nə qarşı etiraz səsini ucaldan da məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı oldu. Nəticədə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışı gündəmə gətirən BMT qətnaməsi qəbul edildi. Həmçinin qlobal çağırışlara münasibətdə uyğun zamanlamanı təmin etmək məqsədilə Hərəkata mütərəqqi institusional yeniliklər gətirildi, təsisatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. Növbəti addım isə qadınlar platformasının yaradılması ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat bildirib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı beynəlxalq münasibətlərin əlaqələndirilməsi baxımından nüfuzlu platformalardan birinə çevrildi. Üzv dövlətlər ölkəmizin, ilk növbədə, Prezident İlham Əliyevin bu istiqamətdəki səylərini və qətiyyətli mövqeyini yüksək qiymətləndirərək, Azərbaycanın üç illik sədrlik müddətini daha bir il uzatdı. Heç şübhəsiz, ötən dövr ərzində Qoşulmama Hərəkatının fəaliyyətində qazanılmış uğurlar və institusional davamlılığa təminat verən yeniliklər Hərəkatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət etdi.
Elə bu gerçəkliyə görə Hərəkatın Bakıda keçirilən bütün tədbirləri və sədr ölkə lideri kimi Prezident İlham Əliyevin çıxış və mesajları daima dünya mediasının diqqət mərkəzində olur.
Azərbaycan Prezidentinin iyulun 5-də Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı da istisna təşkil etmədi. Siyasi iradəsi və liderlik keyfiyyətləri hesabına Qoşulmama Hərəkatının yenidən əhəmiyyətli beynəlxalq platforma kimi qəbul edilməsində müstəsna xidməti olan siyasi Liderin çıxışı təbii ki, beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. Nazirlər görüşünün müzakirəsinə “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” kimi həssas bir mövzunun çıxarılması isə, heç şübhəsiz ki, beynəlxalq diqqətin Bakıya fokuslanmasına əlavə impuls verir. Geosiyasi ziddiyyətlərin və qlobal qarşıdurmanın pik həddə çatdığı bir dövrdə qoşulmayanların mövqeyinin artmaqda olan əhəmiyyətini də görməmək mümkün deyil. Bakıda müzakirəyə çıxarılan mövzunun adından da göründüyü kimi, Qoşulmama Hərəkatı Azərbaycandan dünya birliyinə o mesajı verdi ki, təhlükəsiz dünya nizamını bərpa etmək üçün iştirakçı subyektlərdən birlik və qətiyyət tələb olunur. Prezident İlham Əliyev beynəlxalq birliyə bu mesajı da verdi ki, əsrlər boyu formalaşmış bəşəri dəyərləri qorumaq, insanların təhlükəsiz yaşamaq haqqını təmin etmək üçün dünya nizamını siyasi ambisiyalar və maraqlar deyil, hamının əməl etməli olduğu beynəlxalq-hüquq normaları tənzimləməlidir.
Prezident İlham Əliyevin dünya birliyinə verdiyi və beynəlxalq mediada geniş müzakirələrə səbəb olan mesajlarından biri də qlobal təhlükəsizliyi təhdid edən ikili standartlar siyasətinin mövcudluğu ilə bağlı oldu. Azərbaycan Prezidentinin ölkəmiz üçün kifayət qədər həssas və ağrılı olan bu məqamı qabartması təsadüfi deyildi. Çünki Azərbaycan o nadir ölkələrdəndir ki, bəzi böyük dövlətlərin ikili standartları və riyakarlığı ucbatından 30 il ərzində Ermənistanın işğalına səbirlə yanaşmalı olub. Artıq ünvanları cəmiyyətimizə məlum olan ölkə və siyasi dairələrin ikiüzlülüyü imkan vermədi ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizə aid olan dörd qətnaməsi vaxtında icra edilsin və erməni işğalına qan tökülmədən son qoyulsun. Nəticədə Azərbaycan 2020-ci ildə həmin qətnamələri də, tarixi ədaləti və beynəlxalq hüququ da savaş meydanında şəhidlər verərək özü təmin etdi.
Təəssüf ki, təhlükəsiz dünya nizamı üçün həlledici əhəmiyyəti olan bu cür məsələdə belə Fransa prezidenti Emmanuel Makron Ukraynada separatçılığın yolverilməzliyinə dair beynəlxalq birliyin mövqeyini bölüşdüyünü bəyan etdiyi halda, Qarabağdakı erməni separatizminə süni “nəfəslik” açmağa cəhd göstərməklə məşğuldur. Fransa prezidenti bir tərəfdən elan edir ki, guya regionumuzda əmin-amanlığın tərəfdarıdır və guya sülhə şəxsi töhfəsini vermək istəyir, digər tərəfdən isə sülh danışıqlarına zərbə vuran bəyanat və addımlardan özünü çəkindirə bilmir. Onun Marseldə erməni icması qarşısında verdiyi, beynəlxalq hüquqa və sivil dövlətlərarası münasibətlərə zidd olan bəyanatına Prezident İlham Əliyev Bakıda, nüfuzlu auditoriyanın iştirakı ilə bu tutarlı cavabı verdi: “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
Ü.Quliyev vurğulayıb ki, Bakıda Hərbi Qənimətlər Parkı açılarkən orada sərgilənən maketlərə və erməni dəbilqələrinə ən çox etiraz edən, hay-küy salan, ilk növbədə, Fransa rəhbərliyi idi. Halbuki, Paris muzeyində hətta indinin özündə belə əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qəniməti kimi saxlanılır və nümayiş etdirilir. Əgər bu, riyakarlıq deyilsə, onda, bəs, nədir?
Prezident İlham Əliyev çıxışında ikili standartların yaşamasına münbit şərait yaradan başqa bir məqamı da xüsusi qeyd etdi. BMT Təhlükəsizlik Şurasındakı islahatlara dair konkret təkliflə çıxış edən Prezident İlham Əliyev beynəlxalq birliyə bu mesajı verdi: “Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
Dövlətimizin başçısı nüfuzlu auditoriyanın iştirakı ilə Ermənistana da mesaj göndərdi. Prezident növbəti dəfə bildirdi ki, Ermənistan savaş meydanında məğlub olduqdan sonra üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmədikcə, rəsmi İrəvanın bəzilərinin qulağına xoş gələn bəyanatları, əslində, siyasi iradədən deyil, məcburiyyətdən irəli gələn manipulyasiyadır. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə münasibətlərin normallaşdırılması üçün vacib mesajlar da verdi. Ermənistanın və ona havadarlıq edən dairələr bu mesajlardan adekvat nəticə çıxarmalıdırlar.
Qeyd edilib ki, Prezident İlham Əliyevin iyulun 5-də Bakıdan verdiyi mesajlar və bütövlükdə nazirlər görüşündə aparılan müzakirələr, səslənən fikir, təklif və rəylər, heç şübhəsiz, qlobal çağırışlara qarşı beynəlxalq səylərin daha səmərəli əlaqələndirilməsində və daha qətiyyətli ortaq mövqenin formalaşmasında öz təsirli sözünü deyəcək. Dünya mediasının və nüfuzlu beyin mərkəzlərinin Bakı görüşünə göstərdikləri həssas münasibət həm də bundan qaynaqlanır.