2024 – cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Balakən rayonu Qullar kəndində seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, şəhid anası Zümrüd Məmmədova, Birinci Qarabağ müharibəsi iştirakçısı Aydın Abdullayev və digərləri çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olublar.
Qeyd olunub ki, cənab İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.