Balakəndə Zəfər Günü silsilə tədbirlər və böyük coşqu ilə qeyd edildi

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilib. Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib. Rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri ziyarət olunub.

Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin hörmət əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.

Daha sonra 8 noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş yürüş və rəsm sərgisi təşkil olunub.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov bildirib ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. Qeyd olunub ki, bu gün qürur, iftixar mənbəyi olan möhtəşəm Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, Azərbaycan xalqı yeni bir tarixin sevinci və qürurunu yaşayır. 8 Noyabr - Zəfər Günü tariximizin ən şanlı səhifəsidir və hər bir azərbaycanlı üçün müqəddəs bir gündür. Zəfər Günü - Azərbaycan xalqının mübarizliyinin, dövlət başçısının uzaqgörən siyasətinin, Ulu Öndər ideyalarının təntənəsi və qələbəsidir.

Tədbirdə çıxış edənlər- Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev bildiriblər ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, şanlı Ordumuzun və qəhrəman Xalqımızın sarsılmaz birliyi və iradəsi ilə tariximizin ən böyük, ən ehtişamlı Zəfərini qazanmışdır. Yeniləşən, inkişaf edən, getdikcə qüdrətlənən Azərbaycan Respublikası möhtəşəm Zəfəri, qələbələri və nailiyyətləri ilə bu gün də öz şərəfli tarixinə yeni səhifələr yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu uğurlar, nailiyyətlər, qələbələr, zəfərlər isə müstəqil və qüdrətli Azərbaycanı, qalib xalqımızı daha uca zirvələrə daşıyacaqdır. 

Tədbir konsert proqramı ilə davam etdirilib. Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri izləyicilərə bayram ovqatı bəxş edib.

Konsert proqramından sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov və Milli Məclisin deputatı Nəsib Məhəməliyev bir qrup şəhid ailələrini ziyarət edərək Zəfər Günü münasibətilə onları təbrik etdilər.Balakənin Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri Olimpiya İdman Kompleksinin stadionunda Balakən və Bərdə futbol komandalarının yarışına start verilərək sona çatdı.