Ali təhsil müəssisələrinin maliyyələşmə mexanizmində dəyişikliklər edilib.
Bununla bağlı Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
Dəyişikliyə əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı magistratura ilə yanaşı, rezidenturaya da şamil olunacaq.
Buna əsasən magistraturada olduğu kimi rezidenturada da hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı 1500-1800 manat təşkil edəcək.
Eyni zamanda "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın da adı dəyişdirilib və bu Qaydalar rezidenturaya da şamil ediləcək. Yəni bu Qaydalar Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin rezidentura səviyyəsində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi məsələlərini tənzimləyəcək. Dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun olaraq, müvafiq ixtisas üzrə rezidentura səviyyəsindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir.
İndiyə qədər ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə növbəti il üçün razılaşdırılmış təklifləri hər il mayın 1-dək Nazirlər Kabinetinə təqdim edilib. Bu müddət dəyişdirilib. Dəyişikliyə əsasən ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat, magistratura və o cümlədən rezidentura səviyyələrinə dövlət sifarişi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə hər tədris ili üzrə razılaşdırılmış təklifləri hər il martın 1-dək Nazirlər Kabinetinə təqdim ediləcək.
İndiyə qədər razılaşdırılmış təkliflər əsasında Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyunun 1-dək təsdiq edib. Dəyişikliyə əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edəcək.
İndiyə qədər dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri növbəti il üçün təkliflərini hər il aprelin 1-dək Təhsil Nazirliyinə təqdim etməli idilər. Bu müddət də dəyişdirilib. Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər.