Baş Prokurorluq imtahanda uğur qazanan namizədlərə müraciət etdi

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 25-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (https://genprosecutor.gov.az/az/post/6887) rəsmi internet səhifəsində yerləşdirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri 16 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək hər gün (həftənin şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:

- 3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;

- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti;

- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizənin, kadrlar uçotunun şəxsi vərəqəsinin və tərcümeyi-halın əslini, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diploma əlavənin (qiymət cədvəlinin), xarici diplom olduğu halda onun Azərbaycan dilinə tərcüməsinin və tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətlərini, və 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil).

Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.