Azərbaycan 
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial 
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq 
etdiyi nümayəndə heyəti Berlində səfərdədir.
"ASAN
 xidmət” Mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində Dövlət 
Agentliyinin nümayəndə heyəti ilə Almaniya Bundestaqının deputatı və 
Almaniyanın ATƏT-in parlament Assambleyasındakı nümayəndə heyətinin 
rəhbərinin müavini Yürgen Klimke, Almaniyanın Avropa Şurası Parlament 
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aksel Fişer, Almaniya 
Federal Xarici və Daxili İşlər Nazirliklərinin və Almaniya Beynəlxalq 
Əməkdaşlıq Agentliyinin (GİZ) nümayəndələri, habelə Almaniya 
Parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq 
qrupunun rəhbəri xanım Karin Strenz və qrupun digər üzvləri ilə görüşlər
 keçirilib.
Agentliyin 
sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və 
modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat 
verib. Agentliyin sədri bu islahatların tərkib hissəsi olan "ASAN 
xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində 
görülən digər tədbirlər barədə geniş təqdimat edib. "ASAN xidmət”in 
hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində 
səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olaraq 
üstünlükləri diqqətə çatdırılıb. Qeyd edilib ki, son iki ildə mərkəzlərə
 müraciət edən 5 milyona yaxın vətəndaşın məmnunluğu təmin edilib.
Görüşlər
 zamanı Almaniya rəsmiləri dövlət xidmətlərinin göstərilməsi sahəsində 
"ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin 
digər ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıblar.
Azərbaycan
 Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya
 arasında əməkdaşlığın dinamik inkişafından və bu əməkdaşlığın 
inkişafına "ASAN xidmət”in töhfəsindən danışıb. Azərbaycan 
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 
beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı ölkəmizdə vətəndaş
 cəmiyyətinin inkişafı və bu sahədə dövlət dəstəyinin rolu və beynəlxalq
 miqyasda fəaliyyəti barədə məlumat verib.
Nümayəndə heyətinin səfəri XVIII "Səmərəli idarəetmə 2015” mövzusunda keçirilən Konqresdə iştirak çərçivəsində davam etdirilir.