“Avropa Gənclər Paytaxtı" Gəncədən Varnaya keçdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Varna şəhərinin meri İvan Portnix və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sabahinfo.az saytı xəbər verir ki, icra başçısı qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib.

 

İcra başçısı Gəncənin 2016-cı il üçün "Avropa Gənclər Paytaxtı" seçilməsi, şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda Elmar Vəliyev qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Cavad xan, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb, Gəncə -2016 AGP layihəsi çərçivəsində həyata keçirilən yerli və beynəlxalq tədbirlərdən söz açıb. Bildirib ki, AGP paytaxtı olmuş şəhərlərlə gənclər sahəsində birgə layihələrin icrası, bu sahədə Gəncənin təcrübəsinin öyrədilməsi gələcək planlara daxildir.

 

Varna şəhərinin meri İvan Portnix Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qəbula görə minnətdarlığını bildirib. Varna ilə Gəncə şəhəri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

 

İvan Portnix bildirib ki, 2017-ci il üçün Varna şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi, rəhbərlik etdiyi şəhərin bu titula sahib olması çox sevindirici haldır. Bu layihənin həyata keçirlməsində isə Gəncə şəhərinin təcrübəsindən yararlanacaqlarını vurğulayıb. Mer Gəncə şəhər İcra Hakimiyyətinin başçısını dekabr ayının 21-də Varnada keçiriləcək AGP-nin açılış tədbirinə dəvət edib.

 

Görüşün yekununda iki şəhər arasında gələcək əməkdaşlığa dair xartiya imzalanıb. Sonda Elmar Vəliyev merə Gəncəni əks etdirən bir neçə xatirə hədiyyəsi təqdim edib.