Bayden administrasiyasının Azərbaycana qarşı tutduğu mövqenin tarixi kökləri var

ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçiriləcək “Demokratiya zirvəsi” adlı sammitə Azərbaycanın və qardaş Türkiyənin dəvət edilməməsi, ilk növbədə təşkilatçıların demokratik dəyərlərdən uzaq olduqlarının, bir çox hallarda olduğu kimi, bu mövzuya da öz geosiyasi maraqlarından, ikili standartlardan yanaşmalarının göstəricisidir. Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə apardığı siyasətə diqqətlə baxmaq kifayətdir ki, demokratiya adı altında minilliklərlə tarixi olan dövlətlərin darmadağın olmasını, milyonlarla insanın həlak olduğunu, qaçqın düşdüyünü görək. İraqda, Suriyada, Yəməndə, Əfqanıstanda və digər yerlərdə baş verən proseslər qlobal güclər üçün demokratiya anlayışının dövlətlərin daxili işlərinə müdaxilə etmək, təbii sərvətlərinə yiyələnmək üçün ən sərfəli vasitə olduğunu əyani şəkildə göstərir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Bayden administrasiyasının Azərbaycana qarşı tutduğu mövqenin tarixi kökləri var: “Konqres 1992-ci ildə məhz bugünkü prezident Baydenin müəllifliyi ilə Azərbaycan əleyhinə 907-ci əlavəni qəbul etdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına rəğmən, sanksiya işğalçıya qarşı yox, bizə tətbiq olundu. Hardadır məntiq?! 30 il ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk Qrupu özlərinin də səs verdiyi qətnamələrin icrasını təmin etmədi. Əksinə, beynəlxalq hüququn bərpa olunmasına hər cür maneələr törədildi. Tarixi ədaləti bərpa etdikdən sonra isə yenə böyük sülhün əldə olunmasına problemlər yaradılır”.

N.Məhəməliyev, ABŞ-ın, həmçinin Türkiyəyə qarşı münasibətinə də diqqət çəkib. Bildirib ki, ABŞ Türkiyə ilə münasibətdə PKK, PYD, YPG kimi terror təşkilatlarını, Yunanıstanı silahlandırmaqla ən etibarlı NATO müttəfiqini zəiflətmək, özündən asılı vəziyyətə salmaq istəyir: “Demokratik yolla seçilmiş siyasi rəhbərliyi dövlət çevrilişi vasitəsilə devirmək istəyənlərə himayədarlıq edir. Düşünürəm ki, bunun əsas səbəbi Türkiyənin apardığı müstəqil siyasət, iqtisadi, hərbi cəhətdən güclənməsi və Ərdoğan iqtidarında regional məsələlərdə oynadığı həlledici rol və getdikcə artan nüfuzudur. Qlobal güclər Avropanın cənubunda sürətlə inkişaf edən, gənc insan resurslarına malik güclü müsəlman dövlətinin olmasını özləri üçün gələcək təhlükə olaraq görürlər. Türkiyənin İraqın şimalında, Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Kiprdə, Afrikada, ərəb coğrafiyasında əldə etdiyi uğurlara qısqanclıqla yanaşılır”.

Parlamen üzvü qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ermənistanın diz çökdürülməsi, ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən güclü lobbi təşkilatlarını şoka saldı: “Ermənistan parlamenti gülləbaran edilir, seçkilərdən sonra onlarla insan həlak olur, hal-hazırda demək olar ki, hər gün deputatlar bir-birini təpikləyir, özlərinin imzaladığı, əldə olunmuş razılıqları icra etmir, anarxiya hökm sürür, lakin Ermənistanı demokrat adlandırırlar. Sabitliyin hökm sürdüyü Azərbaycan və Türkiyə isə anti-demokrat kimi təqdim edilir. Hesab edirəm ki, dekabrın 9-10-da keçiriləcək sammitdən də müstəqil inkişaf yolu tutmuş dövlətlərə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri olacaq. Hər bir ölkədə müəyyən problemlər ola bilər, bu, təbiidir. Ancaq hər bir cəmiyyətin əsas vəzifəsi dövlətini xarici təsirlərdən qorumaq, ictimai-siyasi sabitliyi, milli birliyi, bütövlüyü təmin etməkdir. Yanlış yanaşma və kimlərinsə populist vədlərinə aldanmaq acı faciələrə səbəb ola bilər. Hər bir dövlətin özünəməxsus marağı olduğu kimi, qlobal güclərin də ayrı-ayrı ölkələrdə öz maraqları var və onlar maraqlarını təmin etmək üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Ona görə də hər bir azərbaycanlının ən əsas vəzifəsi öz dövlətini qorumaq, sınanmış liderini, Prezident İlham Əliyevi dəstəkləməkdən ibarət olmalıdır”.