Azərbaycanın təşəbbüsləri: humanizm, dialoq və ədalət naminə

Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş ölkələr var. Onların bəşər insanına çox yardımları ola bilər. Ancaq real təcrübə tamamilə başqa mənzərəni ortaya qoyur. Milyonlarla insan öz yurdundan didərgin salınır. Zorakılıq qurbanı olanların sayı azalmır. Qadın, uşaq və qocalarla qeyri-insani rəftar özünü göstərir. Sabahinfo.Az newtimes.az-a istinadən bildirir ki, hazırda bütün dünya üzrə qaçqınların, məcburi köçkünlərin, münaqişələr zamanı zorakılığa məruz qalanların problemlərinin həlli ilə bağlı geniş müzakirələr aparılır. Rəsmi məlumatlara görə, bu gün dünya miqyasında münaqişələr və zorakılıq nəticəsində yurdlarından didərgin düşənlərin sayı 65 milyon nəfərə qədərdir. Təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində isə hər il 25 milyon insan öz evini tərk edir. Kifayət qədər yüksək rəqəmlərdir. İlk baxışdan ən inkişaf etmiş dövlətlər təsirli tədbirlər görməlidirlər. Ancaq reallıq başqa mənzərəni ortaya qoyur.

Humanizmin ünvanı: Azərbaycan fəallığını artırır

Müstəqil Azərbaycan dövlətinin 25 ildir mövcudluq müddətində göstərdiyi təşəbbüslərə milli maraqlar mövqeyi ilə yanaşı, regional və qlobal kontekstdə yanaşdıqda, çox maraqlı özəlliklərə rast gəlirik. Bu gənc azad ölkənin rəhbərliyi bütün bəşəriyyət və insanlıq üçün əhəmiyyətli proqramlar reallaşdırmaqdadır. Azərbaycanın təşəbbüsləri sosial-mədəni, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi, energetik, ekoloji sferaların hər birini əhatə edir. Nəinki Cənubi Qafqazda, heç postsovet məkanında ikinci belə nümunə yoxdur.

Bakıda sentyabrın son günlərində keçirilmiş V Beynəlxalq Humanitar Forumda müzakirə edilən məsələlərin fonunda yuxarıdakı fikirlər daha maraqlı və aktual rakursda görünür. Həmin tədbirdə geniş və dərin məzmunlu nitq söyləyən ölkə Prezidenti İlham Əliyev maraqlı faktlar gətirib. Dövlət başçısı ifadə edib ki, Azərbaycan dövlətlərarası əməkdaşlıq naminə beynəlxalq tədbirlərə ciddi yer verir. Bakı bu istiqamətdə əhəmiyyətli təşəbbüslərin müəllifidir. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri vardır. Bundan başqa, iki ildən bir Azərbaycanda mədəniyyətlərarası dialoqa həsr edilmiş Forum keçirilir. Bir neçə il əvvəl isə dünya dinləri liderlərinin Bakı Zirvə görüşü olub. 2016-cı ildə Azərbaycan BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib (bax: Bakıda V Beynəlxalq Humanitar Forum işə başlayıb / AZƏRTAC, 29 sentyabr 2016).

Bütün bu tədbirlərdə əsas olaraq humanitar əməkdaşlığa, multikulturalizmə, qaçqın və köçkünlərə yardım məsələlərinə, qarşılıqlı əməkdaşlığın, etibarın gücləndirilməsinə və başqa əhəmiyyətli problemlərə aid mövzular müzakirə edilib. Azərbaycanın yuxarıda vurğuladığımız təşəbbüslərini təsnifatlaşdırsaq, zəngin bir mənzərə alınır. Onların hamısını səciyyələndirən Bakının humanizmə, qarşılıqlı əməkdaşlığa, tolerantlığa, mədəniyyətlər və dinlər arasında real dialoqa töhfə verməsidir. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Eyni zamanda, bu məqamların təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində ciddi fəaliyyət göstərib.

Rəsmi Bakının bu cür xeyirxah siyasəti bir mühüm məqamın fonunda daha əhəmiyyətli görünür. Məsələ ondan ibarətdir ki, Azərbaycan özü uzun illərdir ki, təcavüzün qurbanıdır. Ermənistan ərazimizi işğal edib, milyonlarla dinc insanı öz yurdundan didərgin salıb, mədəniyyət abidələrimizi (hətta qəbirləri belə) dağıdıb. Ermənilərin törətdikləri vəhşiliklər bütün dünya üçün utanc yeridir. Buna baxmayaraq, rəsmi Bakı zərrə qədər də aqressiv, başqasına kin-küdurət bəsləyən siyasət yeritməyib, əməkdaşlıqdan qaçmayıb. Əksinə, daha böyük cəsarət və müdriklik nümayiş etdirərək, yaranmış böhrandan ağıl, humanizm, mədəniyyət, tolerantlıq, dialoq vasitəsilə xilas olmağa üstünlük verib.

Ənənəyə sadiqlik: böyük dövlətlər üçün ibrət dərsi

Prezident İlham Əliyev bunun əsas səbəbini gözəl ifadə edib. Dövlət başçısı bildirib ki, humanizm, əməkdaşlıq, multikulturalizm Azərbaycan cəmiyyəti və dövlətinin mahiyyətindədir, ənənədə həmişə mövcud olub (bax: əvvəlki mənbəyə). Müasir dövrdə isə bu, daha sistemli şəkildə dövlət siyasəti səviyyəsində davam edir.

Bəs Azərbaycanın bu təşəbbüsləri fonunda dünyada nələr baş verir? Nə qədər qəribə də olsa, qlobal miqyasda daha çox antihumanist xarakterli hadisələrə rast gəlirik. Onların bir qismi haqqında UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı danışıb. O deyib: "Biz ayrıca sosial transformasiyalar və faciələrdən qurtulmağa çalışan insanların yerdəyişməsi ilə səciyyələnən, sülhə yeni təhdidlər gətirən qloballaşma dövründə yaşayırıq. Yoxsulluq davamlı olaraq qalır, bərabərsizlik dərinləşir. Dünya zəmanəmizin ən ağır qaçqın və məcburi köçkün böhranları ilə üzləşməkdədir. Bütün bunlar milyonlarla qadın və kişini böyük əzablara düçar edən, ən çox ağrı-acısını gənclərin çəkdiyi radikallaşma və zorakı ekstremizm mühitindən qaynaqlanan "mədəni təmizləmə" ilə fərqlənən və daha tez-tez baş verən münaqişələrin birbaşa fəsadlarıdır" (bax: əvvəlki mənbəyə).

Bizcə, maraqlı fikirlərdir. Burada etiraf olunur ki, bir sıra dairələr dünyada müxtəlif ad altında, əslində, "mədəni təmizləmə" siyasəti aparmağa çalışırlar. Bunun üçün isə cəmiyyətlərdə, xüsusilə Qərbdə radikallaşma və zorakı ekstremizm mühiti yaradırlar. Prezident İlham Əliyev də Forumdakı nitqində təəssüflə vurğulayıb ki, Avropanın bir sıra ölkələrində radikalizm, islamofobiya, dözümsüzlük kimi hallar getdikcə vüsət alır (bax: əvvəlki mənbəyə). Ölkə başçısı açıq bəyan edib: "...islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri "stop İslam" deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq" (bax: əvvəlki mənbəyə).

Biz burada müqayisələr apara bilərik. Azərbaycan nankor qonşularından ağır zərbələr almasına baxmayaraq, dialoq, tolerantlıq, faydalı əməkdaşlıq yolunu tutub. Özünü demokratiya, sivil inkişaf beşiyi adlandıran bəzi ölkələr isə insanlara dini fərqliliyə görə əzab verir, onların haqqını tapdalayır, təhqir edir və ölkəyə buraxmaq istəmirlər. Bu, nədir? Belə çıxır ki, beynəlxalq dairələrin azərbaycanlı qaçqın və didərginlərin öz yurdlarına qayıtması istiqamətində tutarlı iş görməməsi təsadüfi deyil. Yaxın Şərqdən məcburən Avropaya miqrasiya edən minlərlə müsəlmanın hüquqlarının məhz Avropada tapdanması da təsadüfi deyil. Azərbaycanla Avropanın humanitar fəlakətə münasibətlərindəki fərqlər tam aydındır.

Məhz həmin fərqlərə görə BMT-nin Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı olan 4 qətnaməsi yerinə yetirilmir. Azərbaycan xristianların mədəni abidələrini təmir etdirdiyi, onların mədəniyyətinə hörmətlə yanaşdığı bir zamanda, Avropanın inkişaf etmiş ölkələri müsəlmanlara qarşı ikili standartlarla hərəkət edirlər. Dünya bu təzaddan çox əziyyət çəkib və çəkmədə davam edir. Ancaq siyasətçilər bunu duya bilirlərmi?

Məsələ Azərbaycanın təşəbbüsləri fonunda daha düşündürücü görünür. Çünki qlobal miqyasda humanitar fəlakət daha da dərinləşir. Getdikcə daha çox insan faciəyə düçar olur. Böyük dövlətlər isə bunun qarşısını almaq üçün heç bir addım atmırlar. Sanki bəşəriyyətin vicdanı ikiyə bölünüb - onun bir tərəfində var-dövlət içində yaşayan, lakin riyakarlığa yuvarlanmış bir qisim, digərində isə adi insani haqlarından belə məhrum olunmuş, üstəlik, bütün günahlar üzərinə atılmış məzlumlar! Azərbaycan öz siyasəti ilə göstərir ki, zülmə məruz qalanların yanındadır. Dinindən, irqindən asılı olmayaraq, haqqı tapdanan hər bir insan övladının yardımçısıdır. Bu məsələlərdə dünyanın Azərbaycandan öyrənməli olduğu çox məqamlar mövcuddur. V Bakı Beynəlxalq Forumu bu tezisi bir daha təsdiq etdi!