ATV-nin tanınmış aparıcısı və "Ailəcanlı" serialında Sevgi obrazını canlandıran Zümrüd Bədəlova hesab edir ki, kişilər həyasız qadınlara heç zaman xəyanət etmir.
Sabahinfo.az bildirir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin qonağı olan Zümrüd Bədəlova onu narahat edən məqamlara toxunub.
- İndiki ağlım olsaydı...
- Ərə getməzdim.
- Zəmanət verə bilərəm ki...
- Qızımı təhsilli böyüdürəm.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Qadınları daha yaxşı iş və maaşla təmin edərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Həyasız qadınlara xəyanət edə bilmirlər, çünki qorxurlar.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Səmimi olmalısan.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Çünki qocaldıqlarını hiss edəndə depressiyaya düşürlər.
- Qadına qarşı şiddət...
- Rüsvayçılıqdır.
- Vicdanıma and olsun ki...
- Həyatda bircə dəfə sevmişəm.
- Təəssüf edirəm ki...
- İndi istedadı olanlara layiq olduqları qiyməti vermirlər.
- Vanqa nənə ilə görüşsəydim...
- 10 il sonra həyatımda nə olacağını soruşmaq istəyərdim.
- Küsülü olduğum insana demək istəyirəm ki...
- Mənimlə küsülü olmaq onun üçün şərəfdir(Gülür).
- Unuda bilmədiyim sevgilim bilməlidir ki...
- Bir də mənim qarşıma çıxmasın.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- İnsan tək qalanda özünü daha yaxşı başa düşür, həyatın mənasını daha aydın dərk edir, lənət deyil.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Bacardığım qədər o insanlardan uzaq qaçıram.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Yəqin ki, belə də olmalı imiş.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Çox müasirləşirik, amma təəssüf ki, savadsızlaşırıq.
- Günahlarım yadıma düşəndə...
- Ağlayıram.
- Qızıma ən çox onu məsləhət görürəm ki...
- Dərslərini yaxşı oxusun və gələcəkdə hansısa dövlət işində çalışsın.
- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- İnancımı itirməmişəm, lakin lazımsız insanları qaldırıb dağ başına qoyulduğunu görmək məni incidir.
- Heç vaxt heç kimə icazə vermirəm ki...
- Ürəyimə daha yaxın olsun.
- O zaman riskə gedirəm ki...
- Nəticənin mənim xeyrimə olacağını təxmin edəndə.
- Təsəvvür edə bilmirəm ki...
- Televiziya və kinodan başqa özümü heç bir sahədə təsəvvür edə bilmirəm.
- Yaxşı gündə, pis gündə...
- Yanımda təkcə ailəm var.
- Biz sizə ancaq xoş günlər arzu edirik.
- Çox sağ olun.