Bakıda mənzildən meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu oyunçular həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "SabunçuSpor” klubunun üzvləridi.
Yasamal rayonunun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. Onlardan ikisinin tələbə, üçünün futbolçu olduğu aşkarlanıb.
Bu üç oyunçu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linus bu komandanın üzvləridi. Daha bir kamerunlu Senan Nike də əvvəllər "SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıbmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.
Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
***
10:41
Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.
Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.
Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.
***
23:56
Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.