Mayın
 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan 
dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər 
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans 
keçirilmişdir.
Tədbir
 iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində 
müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil 
və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad 
etmişlər. Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən 
fotoguşə nümayiş etdirilmişdir.
Mərasimdə
 ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik 
təcrübəsindən və misilsiz xidmətlərindən söz açılmış, dahi öndərin 
müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan 
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək 
nailiyyətlər vurğulanmışdır.
Konfransda
 məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırdı ki, 
müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza 
rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs 
yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun 
illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Ulu 
öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən 
yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə 
qədər davam edən zaman kəsiyi "Azərbaycan tarixinin Heydər Əliyev dövrü”
 kimi səciyyələndirilir, ulu öndərimizin Azərbaycanda siyasi hakimiyyətə
 xilasedici qayıdışı – 1993-cü ilin 15 iyun günü "Azərbaycan xalqının 
Milli Qurtuluş günü” kimi hər il təntənə ilə qeyd edilir.
Bütün
 dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər 
Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri 
istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət
 xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq 
bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, 
xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk
 dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının 
mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. 
Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən 
azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla 
səsləndirdiyi şüara çevrilmişdir.
Xüsusi
 qeyd edildi ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi
 təcavüz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır 
nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa 
çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək 
idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik 
lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Xalqımız
 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət 
etmədiyi qətiyyət göstərib Moskvada Sovetlər Birliyi rəhbərliyini ifşa 
etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə 
olduğunu bir daha nümayiş etdirdi.
Məhz
 belə bir mürəkkəb vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın 
çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi 
böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq 
missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə
 başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və 
sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras 
qalmış rejim əvəzinə demokratik-hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Bildirildi
 ki, müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin 
olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən 
layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz 
etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, 
demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə 
nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən
 inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini 
möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, 
xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici 
siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi 
əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün 
beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli 
miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Demokratik-hüquqi
 dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar 
olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk
 növbədə hakimiyyətlər bölgüsünə əsaslanan mükəmməl hüquq sistemi 
yaradıldı.
Zəngin
 dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə 
hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla 
gerçəkləşdirdi.
Baş
 prokuror xüsusi vurğuladı ki, respublikada həyata keçirilən quruculuq 
fəaliyyəti sahəsində bütün məsələlərə önəm verən Heydər Əliyev 
Azərbaycan Prokurorluğunun inkişafında da müstəsna rolu olmaqla 
prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, 
əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə xüsusi
 qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il 
tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-nin prokurorluq 
işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi prokurorluq işçilərinin
 fəaliyyətinin yüksək dəyərləndirilməsinin təzahürü olmuşdur.
Heydər
 Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər 
vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində 
əvvəllər mövcud olmuş nöqsanların aradan qaldırılmasına yönəlmiş 
göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış hərtərəfli 
islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğu struktur və 
mahiyyət baxımından tam yenidən qurularaq beynəlxalq standartlara cavab 
verən, müasir tələblər səviyyəsində fəaliyyət göstərən mühüm dövlət 
təsisatına çevrilmişdir.
Azərbaycan
 Prokurorluğu dövlət səviyyəsində qayğı ilə əhatə olunmaqla, bu gün 
fəaliyyətinin hərtərəfli müasirləşməsi və təkmilləşdirilməsi, 
maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşların sosial 
müdafiəsinin gücləndirilməsi, yeni informasiya texnologiyalarının 
tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 
İxtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı 
Mübarizə Baş İdarəsinin strukturunun təkmilləşdirilməsi və işçilərinin 
sayı artırılmaqla onların maddi təminatının yaxşılaşdırılması, bu quruma
 ilk dəfə olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək 
səlahiyyətlərinin verilməsi və digər əhəmiyyətli təşkilati tədbirlər 
prokurorluq orqanlarının fəaliyyətinin daha çevik qurulmasına zəmin 
yaratmışdır.
Azərbaycan
 Respublikası Prokurorluğunun müasir tələblər səviyyəsində 
təkmilləşdirilməsi istiqamətində görülən işlər sırasında Dövlət başçısı 
cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq
 edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin 
müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın 
əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu mühüm sənədin icrası üzrə 
prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən 
çoxsaylı və vacib əhəmiyyətli tədbirlər görülməklə müasirləşməyə nail 
olunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, prokurorluğun 
strukturunun təkmilləşdirilməsi, normativ-hüquqi bazanın 
yeniləşdirilməsi və yeni informasiya texnologiyalarının hərtərəfli 
tətbiqi ilə yanaşı, ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər 
siyasətinin prokurorluq orqanlarında tətbiqinin real nəticəsi olaraq 
2002-ci ildən etibarən işə qəbulla əlaqədar keçirilən müsabiqələr 
nəticəsində prokurorluğun kadr korpusunun 54 faizinin gənclər hesabına 
komplektləşdirilməsi kimi böyük uğur əldə edilmişdir.
Qeyd
 edildi ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu 
gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham 
Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət 
nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. 
Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli 
perspektivlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf 
Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı 
olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, 
makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial 
rifahının daha da yüksəldilməsinə hesablanmışdır.
Azərbaycan
 dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu 
beynəlxalq təşkilatlarda təmsil olunur, bu gün paytaxt Bakı və 
respublikamızın digər şəhərləri mötəbər beynəlxalq tədbirlərin 
keçirildiyi ideal məkandır.
Bildirildi
 ki, Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən 
bilən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 
ötən illər ərzində möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan 
xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, 
böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da 
yaxşılaşması, insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, 
beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun 
aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata 
keçirilməsi - bütün bunlar Azərbaycan dövlətinin bugünkü reallığı 
olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir.
Əksər
 dünya ölkələrinin maliyyə böhranı vəziyyətinə düşməsi Azərbaycanın 
ümumi iqtisadi inkişafına təsir etməmiş, ölkənin dinamik inkişafı yüksək
 templərlə davam etmişdir ki, bu da Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
 vəzifələrə həsr olunan iclasındakı nitqində qeyd olunduğu kimi, 
Azərbaycanın iqtisadi modelinin unikallığını və ölkənin seçdiyi inkişaf 
yolunun nə qədər düzgün olduğunu bir daha təsdiq etmişdir.
Azərbaycan
 bu gün dünya birliyinin etibarlı və dəyərli üzvü olmaqla ölkənin 
beynəlxalq mövqeyi güclənmiş, qlobal layihələrin həyata keçirilməsində 
əsas tərəfdaşlardan biri kimi çıxış edən respublikamız beynəlxalq 
iqtisadi-siyasi arenada aparıcı qüvvələrdən birinə, dünya miqyasında 
yüksək imicə malik olan dövlətə çevrilmişdir.
Qeyd
 edilənlərin məntiqi nəticəsidir ki, Avropanın tarixində ilk dəfə baş 
tutacaq möhtəşəm idman tədbiri olan "Bakı-2015” birinci Avropa Oyunları 
ölkəmizə həvalə edilmişdir. Belə bir beynəlxalq idman tədbirinin 
keçirilməsi üçün Azərbaycan Respublikasının seçilməsi onun öz inkişaf və
 sabitlik göstəricilərinə görə qitə ölkələri içərisində əlverişli 
yerlərdən birini tutmasından irəli gəlir. Bu da ölkəyə olan etibar və 
inamın təsdiqidir. Hərtərəfli düşünülmüş və uzaqgörən dövlət siyasətinin
 həyata keçirilməsi nəticəsində qazanılmış bu böyük etimad ölkənin 
davamlı və ardıcıl inkişafına, beynəlxalq standartlara cavab verən 
infrastruktura malik olmasına və stabilliyin mövcudluğu şəraitində 
hərtərəfli təhlükəsizliyin təmin olunmasına əsaslanır.
Çıxışının
 sonunda Baş prokuror Azərbaycan Prokurorluğunun kollektivi adından 
Prezident cənab İlham Əliyevi əmin etmişdir ki, xalqımızın ümummilli 
liderinin etimad və qayğısı sayəsində demokratik məzmunda yenidən 
formalaşmış milli prokurorluq orqanları bundan sonra da dövlət 
müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür 
cinayətkar qəsdlərdən qorunması işində həmişə ön sıralarda olacaqdır.
Sonda
 ulu öndərin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio 
Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Liderlik 
missiyası” sənədli filmi nümayiş etdirilmişdir.