Hüquq-mühafizə əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında sənədlərin əldə olunması məqsədilə gəlib
Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. Sabahinfo.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur.
Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.
Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
***
15:44
Bu gün səhər saat 10:00 radələrindən etibarən Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlara başlayıb.
"APA-Economics" "Fontanka" portalına istinadən xəbər verir ki, başlanılan müvafiq cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.
Filialın telefonlarına cavab verən yoxdur. Bundan başqa, "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb.
Bu arada bankın Moskvada yerləşən baş ofisindən bəyan ediblər ki, hazırda Sankt-Peterburq filialında pulköçürmə və digər əməliyyatlar aparmaq mümkün deyil. Bankdan bunu rabitədəki problemlərlə əlaqələndiriblər və əlavə ediblər ki, bu problem 2-3 saata həll olunacaq.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə Sankt-Peterburq filialının fəaliyyətində heç bir problem yoxdur.