Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin
əməkdaşları martın 22-də təmas xəttini keçmiş erməni hərbçiyə baş çəkib.
BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə aprelin 27-də olub. Ona
ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb. İ.
Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan
şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla
davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə
saxlamasına yardımçı olsun.
Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan
olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi
xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi
hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim
olub.