Almaniya vitse-kansleri, iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel Almaniya, İtaliya və Fransanın Avropa İttifaqında qalmaları üçün gənc britaniyalılara ikili vətəndaşlıq verilməsini təklif edib.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada iyulun 23-də keçirilən referendumda seçkidə iştirak edən britaniyalıların 51,9 faizi ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyib.
Ancaq referendumda əsasən, yaşlı nəsil ölkənin Avropa İttifaqından çıxmasına dəstək verib, gənclərin əksəriyyəti isə bunun əleyhinə olub. Z. Qabriel Berlində keçirilən Avropa konfransında deyib ki, buna görə də körpülər aradan qaldırılmamalıdır: "Almaniya gənc britaniyalılara nə təklif edə biləcəyi barədə düşünməlidir. Almaniya Sosial-Demokrat Partiyası həmişə ikili vətəndaşlığa icazə verilməsini dəstəkləyib. Gəlin Almaniya, İtaliya və Fransada yaşayan gənc britaniyalılara Avropa İttifaqı vətəndaşı olaraq qalmalarını təklif edək".
Qeyd edək ki, dünən Londonda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı etiraz aksiyası keçirilib. Aksiyaya 30 minə yaxın insan qatılıb.