Xalq artisti Brilliant Dadaşova dinini dəyişməsi ilə bağlı mediada yer alan xəbərlərə münasibət bildirib.
Sabahinfo.az-ın məlumatına görə, xalq artistinin yaydığı açıqlamada bildirilir: "Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə dərin hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!".
Qeyd edək ki, bu günlərdə xalq artisti Brilliant Dadaşovanın paytaxtın mərkəzində yerləşən kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı milad bayramı münasibəti ilə düzənlənən mərasimdə iştirak edib. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılıb.