Prezident İlham Əliyev"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyiisə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
SərəncamlaAzərbaycan Respublikasının Cinayət Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:
1. 188-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
2. 314-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. 314-2-ci maddənin adına "torpaq sahələri ayırma,” sözlərindən sonra "yaxud” sözü əlavə edilsin.
4. 314-2.2-ci maddədə "ayırma,” sözü "və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud” sözləri ilə əvəz edilsin.