Bəzi azərbaycanlı rejissorlar, aktyorlar yerli istehsal olan filmləri "Oskar” mükafatına namizəd olaraq görmürlər. Hər il keçirilən "Oskar” mükafatına bu il də film təqdim edə bilməmişik.
Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında "Oskar” mükafatına layiq olan Azərbaycan filmindən danışıb.
"Azərbaycan filmləri "Oskar”a təqdim olunmur. Bununla bağlı müəyyən səbəblər var. Amma, Azərbaycanın son isethsal olunan filmləri içərisində "Əli və Nino”nun adını xüsusi çəkmək istərdim. Bu film "Oskar” mükafatına layiq bir filmdir. Əvvəla, beynəlxalq heyətlə birgə çəkilib və kifayət qədər beynəlmiləl filmdir. Filmin heyəti peşəkarlardan ibarətdir. Əsərin özü də dəyərli və populyar əsərdir. Ssenarisini də mütəxəssislər yazıb. Rejissor işi də çox yaxşıdır. Bildiyim qədər çox layiqli bir sənət əsəridir. Ona görə də növbəti illərdə bu əsəri "Oskar” mükafatına təqdim etmək olar”.
Deputat bildirib ki, hər bir mükafatın öz kriteriyaları var.
"Mükafat təqdim edilərkən, xüsusilə, beynəlxalq mükafatların verilməsi ki, baş tutur, bax, onların öz diplomatiyası var. Bir də görürsüz ki, mükafatlar təqdim olunan zaman narazı qalanlar olur. Təbii ki, söhbət peşəkarlardan gedir. Bunlar da müəyyən dövr ərzində dəyişə bilir.
"Əli və Nino” filmi isə "Oskar” mükafatının kriteriyalarını ödəyir. İndiyə kimi hansı filmlər ki, "Oskar”a layiq görülüb, bax, onlarla müqayisə edəndə mövqeli və tutumlu bir əsər olduğu ortaya qoyulur”