Xəbər verdiyimiz kimi, iyunun 4-də saat 19 radələrində ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları "Şamaxı" yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıblar.
Sabahinfo.az bildirir ki,oxu.azverilişin rejissoru, yüngül bədən xəsarətləri alan Elgün Bayramlı ilə əlaqə saxlayıb.
"Biz çəkiliş aparırdıq. Bu vaxt restoranın sahibi və yaxın qohumu bizim əməkdaşlara qarşı söyüş, təhqir işlədərək fiziki zorakılıq göstərdilər. Nəticədə mən və bir neçə əməkdaşımız yüngül bədən xəsarətləri aldıq.
Telekanalın çəkiliş heyəti üçün ayrılmış avtomobilinə təpiklə zərbələr endirdilər. Videokamera, səs qurğusu, mikrofon və digər avandanlıqlar sındırıldı. Nəticədə avadanlıqlara təxminən 10 min manat civarında maddi ziyan dəyib. Eyni zamanda mənəvi ziyana məruz qalmışıq.
Onlar tərəfdən bizə qarşı edilən kobud hərəkətlər, fiziki təzyiq, söyüş və təhqirlərə baxmayaraq bizim əməkdaşlar jurnalistin etik davranışlarına riayət ediblər. Məsələ iə bağlı Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb", - deyə rejissor bildirib.
Layihənin aparıcısı Azər İsmayılov mətbuat işçilərini bu məsələdə həmrəy olmağa və mövzuya həssas yanaşmağa dəvət edib:
"Əməkdaşlarımız vəzifə borclarını yerinə yetirərkən fiziki zorakılığa məruz qalıblar. Həm maddi, həm mənəvi ziyanla üzləşmişik.
Yaşanan hadisə ilə bağlı bəzi internet portallarında şişirdilmiş başlıqlara da rast gəldik. Mətbuat işçilərindən bu məsələyə həssas yanaşmalarını, həmrəylik nümayiş etdirməklərini xahiş edirik".